“Boş tribunalar önündə nəinki mən, heç kim oynamaq istəməz”
14.12.2011 - 17:16
“Boş tribunalar önündə nəinki mən, heç kim oynamaq istəməz”
“Turan”la qarşıdakı oyuna ciddi hazırlaşırıq. İndi bizim üçün hər matç final oyununa bərabərdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Vurğun Hüseynov deyib.

Qəbələnin eyniadlı təmsilçisi Premyer Liqanın XVII turunda açılış oyunların birinin iştirakçısı olacaq. Belə ki, Fatih Kavlakın çalışdırdığı komanda növbəti qələbəsini sabah saat 14:00-da başlayacaq “Turan”la səfər oyununda qazanmağa çalışacaq.

Hüseynovun sözlərinə görə, hər oyuna final matçı kimi önəm verib, rəqibə ciddi yanaşırlar: “Turan”ın sonuncu pillədə olmağı bizi arxayınlaşdırmır. Heyətində gənc futbolçular çoxdur və meydanda sona kimi mübarizə aparırlar. Hazırda turnir cədvəlindəki vəziyyətimiz bizi yalnız qələbəyə oynamağa sövq edir. “Altılığ”a düşmək uğrunda gərgin mübarizə gedir. 6-cı yerdəki möhkəmlətməyimiz üçün qalan oyunlarda maksimum xal toplamalıyıq. Bu il 2 oyunumuz qalıb. İlk növbədə “Turan”a qalib gələk, sonra digər matçlarda buna nail olmaq haqda düşünərik”.

Vurğun üçün “Turan” sıradan bir komanda deyil. Axı o, əslən Tovuzdandır, doğma klubunun yetirməsidir. Bu mənada 23 yaşlı müdafiəçinin sabahkı oyun öncəsi keçmiş komandasındakı çətin vəziyyət, maddi problemlər, Tovuz stadionunda hakimləri döyməklə bağlı xoşagəlməz olaylarla haqda fikirlərini öyrənmək maraqlı olardı: “Mən digər komandalarla oyunlara necə hazırlaşıramsa, “Turan”la matçda da elə. Bu, mənim üçün prinsipial matç deyil. Düzdür, Tovuzda anadan olmuşam, “Turan”ın yetirməsiyəm, karyeramın çox hissəsini orada keçirmişəm, komandanın kapitanı olmuşam. Ancaq indi “Qəbələ”nin futbolçusuyam və cari mövsümdən şərəfini qoruduğum komandamın uğurları üçün çalışıram. Son vaxtlar “Turan”da baş verənlər haqda danışmaq istəməzdim. Maddi məsələlər haqda klub rəhbərliyi daha yaxşı bilər. Tovuz stadionunda baş verənlərə gəlincə, bunlar olmasa, daha yaxşı olardı”.

Məlum olduğu kimi, AFFA-nın İntizam Komitəsinin qərarına əsasən “Turan” – “Qarabağ” oyununda hakimlər döyüldüyünə görə ev sahibləri qarşıdakı 2 ev oyununu neytral meydanda keçirməli olacaq. Bu mənada “Qəbələ” ilə görüşün Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda olmağı Hüseynovun doğma Tovuzda meydana çıxmaq istəyinin reallaşmağına imkan vermir: “Belə qərar çıxarılıb və biz də buna hörmət edirik. Şəmkirdə oynamağa qərar verilibsə, orada meydana çıxacağıq. Əlbəttə, boş tribunalar önündə nəinki mən, heç bir futbolçu oynamaq istəməz. Futbolçu üçün klubun maddi durumu, şərait vacib məsələdir. Bu mənada “Qəbələ”də vəziyyət “Turan”dan çox yaxşıdır. Ümumiyyətlə, klubumuz bu baxımdan Azərbaycanda ən yaxşılardan biridir. Millinin üzvü olduğumdan autsayderdə yox, iddialı klubda çıxış etməyim yaxşıdır. Ona görə də mövsümlərarası fasilədə “Turan”dan “Qəbələ”yə keçməklə bağlı düzgün qərar qəbul etdiyimi hesab edirəm”.
0