Nazim Süleymanov “Rostov”da
15.12.2011 - 19:01
Nazim Süleymanov “Rostov”da
“Azərbaycanda “Pro” kateqoriyalı məşqçi lisenziyası almaq üçün ölkə xaricində təcrübə keçməlisən. Bu məqsədlə əvvəl Xarkovda oldum, ini də “Rostov”un düşərgəsindəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu və məşqçisi Nazim Süleymanov deyib.

Ölkəmizdə bir neçə klubda işlədikdən sonra hazırda işsiz olan mütəxəssis Rusiyanın “Rostov” klubunun düşərgəsinə yollanıb. Orada təcrübə keçən Süleymanov kifayət qədər tanındığı ölkədə maraqlı sima olduğundan klubun rəsmi saytına müsahibə verib. O, “Rostov”u seçməyinin sirrini izah edib: “Bunun bir neçə səbəbi var. Birincisi, Rostov böyük futbol ənənələrinə malik şəhərdir. Hələ SSRİ vaxtında Rostov idman internatının nə qədər futbolçular yetişdirdiyini yaxşı xatırlayıram. İkincisi isə klubun baş direktoru Yuri Belousla tanışlığım var. O özünü yaxşı, artıran mütəxəssis kimi göstərib ki, beləsindən çox şey öyrənmək olar. Üçüncüsü, bu klubun inkişafı üzrə direktor yaxşı tanıdığım Qleb Qutiyevdir. Dördüncüsü isə “Rostov” inkişaf edən Premyer Liqa təmsilçisidir. Belə komandada işin necə getməsini öyrənmək maraqlıdır”.

Süleymanov məşqçilik lisenziyası almaq istəyinin səbəbini də açıqlayıb: “Təcrübə və biliklərimi gənc futbolçularla paylaşmaq nənim xoşuma gəlir. Futbol – mənim həyatımdır”.

Qeyd edək ki, Süleymanov Rostovda olduğu müddətdə eyniadlı klubun baş direktoru Yuri Belous, baş məşqçi Sergey Balaxninlə görüşüb, infrastrukturla tanış olub, futbol məktəbinə baş çəkib.