“Traktorsazi”nin oyununda azərbaycanlılar təhqir olunub
17.12.2011 - 15:31
“Traktorsazi”nin oyununda  azərbaycanlılar təhqir olunub
İranın Ənzəli şəhərinin “Təxti” stadionunda keçirilən futbol matçında azərbaycanlılar təhqir olunub. APA-nın məlumatına görə, ötən gün Təbrizin “Traktorsazi” komandası ilə Ənzəlinin “Mələvan” klubu arasında görüş keçirilib. Heç-heçə bitən oyun azərbaycanlıların təhqir olunması ilə yadda qalıb. Oyun ərzində təxminən 5000 nəfər “Mələvan” azarkeşi azərbaycanlılara qarşı “eşşək” şüarı səsləndirib. İranın “Səhər” və Təbrizin “Səhənd” telekanallarından canlı yayımlanan oyunda səsləndirilən təhqir şüarı açıq şəkildə eşidilib. “Traktorsazi” azarkeşləri azərbaycanlıların ciddi narazılığına səbəb olan bu təhqirə görə İran Futbol Federasiyasının İnzibatı Komitəsi tərəfindən günahkarların cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, FIFA oyunlarda milli ayrı-seçkilik məzmunlu şüarların səsləndirilməsini qadağan edib. Daha öncə keçirilən “Traktorsazi”- “Perspolis” oyununda İran Futbol Federasiyasının İnzibatı Komitəsi “Traktorsazi” komandasının oyunçusu Siyavəş Əkbərpuru intizamı pozduğu üçün cəzalandıraraq bir oyunluq diskvalifikasiya edib.