Zaur Axundov: Həmin oyun araşdırılacaq
19.12.2011 - 11:44
Zaur Axundov: Həmin oyun araşdırılacaq
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən V qrupunun oyunlarına yekun vuruldu. Milli komandamız ilk görüşdə Xorvatiyaya uduzmasına baxmayaraq, sonradan Makedoniya və Ukrayna üzərində qazandığı qələbə sayəsində qrup ikincisi kimi pley-offa yüksəldi. Seçmə mərhələsinin oyunlarından sonra Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov apasport.az saytına müsahibə verib.

- Ukrayna ilə qarşılaşma həddindən artıq çətin alındı. Qələbə qazanmalı olduğumuz oyunun əvvəlində hesabda geri düşdük. Buna baxmayaraq, sonra istəyimizə çatdıq. Federasiya rəhbəri kimi, oyunla bağlı fikrinizi bilmək maraqlı olardı...
- Həqiqətən də çox çətin oldu. Matçın başa çatmasına təxminən 4-5 dəqiqə qalmış hesab 2:2 idi. Əlbəttə, bu, bizi qane etmirdi. Çünki heç-heçə edəcəyimiz təqdirdə qrupdan Ukrayna ilə yanaşı, Xorvatiya millisi növbəti mərhələyə yüksələcəkdi. Buna görə də, ən azı 2 top fərqi ilə qələbə qazanmağımız vacib idi. Son 5 dəqiqədə komanda istədiyimiz qolları vurdu və pley-offa vəsiqəni təmin etdi. Oyunboyu komandamızı dəstəkləyən azarkeşlərə, eləcə də bizə bu sevinci yaşadan futzalçılarımıza təşəkkür edirəm.

- Qrup oyunlarından əvvəl əksəriyyət millimizin qrup lideri kimi final mərhələsinə vəsiqə qazanacağını düşünürdü. Lakin Xorvatiya ilə oyunda komanda ümidləri doğrultmadı. Həmin yenilginin səbəbini nə ilə izah edə bilərsiniz?
- Açığı, həmin qarşılaşmada idman xoşbəxtliyi bizdən üz döndərmişdi. Oyunu izləyənlər də gördülər ki, kifayət qədər qol şansı yaratsaq da, bunlardan yalnız birindən istifadə edə bildik. Həm də Xorvatiya ilə matça futzalçılarımız bir qədər arxayın çıxmışdılar. Əlbəttə, bu oyun araşdırılacaq, təhlil ediləcək ki, gələcəkdə bu cür səhvlərə yol verməyək.

- Məğlubiyyətə səbəb kimi Biro Jadenin yoxluğu da göstərilirdi. Sizcə, onun komandadakı yeri görünürdümü?
- Təbii, Jade bizimlə olsaydı, eləcə də, bəzi futzalçılarımız tam formada olsaydılar, qrup lideri kimi final mərhələsinə yüksələ bilərdik. Ukrayna və Xorvatiya futzalçılarını dəfələrlə məğlub etmişik. Sadəcə, ilk oyunda buraxdığımız səhvlər üzündən meydanı məğlub tərk etdik. Bu yenilgini bir nəfərin yoxluğu ilə bağlamaq düzgün deyil.

- Yığmamızın növbəti ciddi sınağı gələn ilin fevralında Xorvatiyada keçiriləcək Avropa çempionatının final mərhələsi olacaq. Necə düşünürsünüz, sonuncu nəticəni yaxşılaşdırmaq mümkün olacaqmı?
- Çox ağır olacaq. Serbiya, Portuqaliya kimi komandalarla bir qrupda yer almışıq. İlk məqsədimiz qrupdan növbəti mərhələyə vəsiqə qazanmaqdır. Sonrakı mərhələdə böyük ehtimalla, İtaliya və ya Rusiya yığmalarından biri ilə qarşılaşacağıq. Vaxtımız azdır. İndi futzalçıları istirahətə buraxacağıq. Yanvarın 3-də yenidən bir araya gələcəyik və Avropa çempionatının final mərhələsinə hazırlaşacağıq.

- Heyəti gücləndirmək məqsədilə yeni futzalçılara ehtiyac olacaqmı?
- Bizim ehtiyatda 4-5 futzalçımız var. Bu məsələyə Avropa çempionatının final mərhələsinə təxminən 10 gün qalmış qayıdacağıq.

- Pley-offa vəsiqə qazandıqları üçün yığmanın mükafatlandırılması nəzərdə tutulubmu?
- Konkret nəsə deyə bilmərəm. Ölkənin bayrağını yüksəltmək, uğurlu çıxış etmək yığmanın üzvlərinin borcudur. Mükafatlandırılma ilə bağlı məsələyə isə AFFA rəhbərliyi qərar verəcək.