2011-ə yekun vuran tur: Lənkəranda sabiqlərin prinsipial oyunu
19.12.2011 - 12:34
2011-ə yekun vuran tur: Lənkəranda sabiqlərin prinsipial oyunu
Premyer Liqada 2011-ci ildə mübarizə sona yaxınlaşır. Apasport.az saytının məlumatına görə, bu il son turun oyunlarına sabah start veriləcək. XVIII turun matçlarından sonra çempionatda ay yarımlıq fasilə yaranacaq və gələn ilin fevralın 10-da təsnifat mərhələsində son 4 tur start götürəcək.

Qış çempionunun adına ötən tur aydınlıq gəlmədiyindən, bu dəfəyə qaldı. “Neftçi” ən yaxın izləyicisi “İnter”ə uduzsa da, fasiləyə vahid lider kimi yollanmaq şansı öz əlindədir. Çünki son çempion “bankirlər”i 1 xal qabaqlayır. Düzdür, “İnter” “Simurq”la sabahkı səfər matçında qalib gələrsə, ən azı 1 günlük turnir cədvəlində 1-ci pilləyə yüksələcək. “İnter” qış çempionu olmağı üçün “Neftçi”nin büdrəməyini gözləyəcək. Ancaq liderin son 2 turda 1:4 hesabı ilə uduzan “Kəpəz”lə evdə görüşəcəyindən, qələbə şansı çoxdur. 90-cı illərdə çempionatda əsas derbilərdən sayılan “Neftçi” – “Kəpəz” gəncəlilərin həmin iddiası olmadığından, çəkisini itirib.

Turun mərkəzi oyunu Lənkəranda keçiriləcək. Turnir cədvəlində qonşu olan “Xəzər Lənkəran”la “Bakı” növbəti duelə çıxacaqlar. Qonaqlar qalib gələrsə, lənkəranlılarla xallarını bərabərləşdirib, 3-cü pilləni əlindən alacaq. Çünki “Bakı” evdə 2:2 hesablı bərabərliyə qaldığı cənub klubundan şəxsi oyunlardan üstün olacaq.

Matçı prinsipiallaşdıran əsas məqam sabiqlərlə bağlıdır. Belə ki, “Xəzər Lənkəran”ın istefaya göndərilən rumıniyalı baş məşqçisi Mirça Redniki əvəzləyən Cüneyt Biçərin ölkəmizdə ilk klubu məhz “Bakı” olub. Türkiyəli çalışdırıcı 2009/10 mövsümünün sonunda indiki komandası ilə ölkə kubokunu da nəzərə alsaq, hər 3 görüşdə qalib gəlib, onu mükafatsız qoymuşdu. İndi Biçər Lənkəranda ilk qələbəsini gümüş medal, ölkə kubokunu qazandırdığı keçmiş komandası üzərində qazanmağa çalışacaq.

“Bakı”nın heyətində isə “Xəzər Lənkəran”a ən yaxşı tanış kosta-rikalı futbolçu Uinston Parksdır. Ötən mövsüm “Bakı”ya qollar vuran, lənkəranlıların mövsümü titulla başa vurmağında böyük rolu, kubokun bombardiri olan Parks bu dəfə Lənkəranda rəqib kimi meydana çıxacaq. Düzdür, oradakı stadion AFFA-nın İntizam Komitəsinin qərarına görə 2 oyunluq azarkeşlərsiz keçirilməli olduğundan, Uinston boş tribunalar qarşısında oynayacaq. O, ilk dövrədə “Xəzər Lənkəran”la ev oyununda etdiyi dublla diqqət mərkəzinə düşmüşdü.

Tura autsayderlərin görüşü ilə start veriləcək. Son 2 pillədə gedən “Sumqayıt Şəhər”lə “Turan” Premyer Liqada qalmaq uğrunda mübarizə aparırlar. Sumqayıtlılar 1 xal qabaqladığı rəqibinə qalib gələrsə, fərqi artırıb, ondan xeyli uzaqlaşacaq. Mərdəkanda “altılığ”a düşmək uğrunda mübarizə aparan “Rəvan”la AZAL-ın gərgin mübarizəsi olacaq. Debütant “təyyarəçilər”lə xal fərqini minimuma endirmək üçün mütləq qalib gəlməlidir. Bu zaman “Rəvan” həm də Premyer Liqada ilk ev qələbəsini bayram edəcək.

20 dekabr

14:00. “Sumqayıt Şəhər” – “Turan”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Komandalar Sumqayıtda ilk dəfə görüşəcəklər.
İlk dövrədəki oyun – 0:1.

15:00. “Rəvan” – AZAL
Bakı. “Dalğa Arena” stadionu
Komandalar “Rəvan”ın meydanında ilk dəfə görüşəcəklər.
İlk dövrədəki oyun – 2:1.

16:00. “Simurq” – “İnter”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
Zaqataladakı oyunların balansı: 5 oyun: +0=1-4 (5-10).
2006/07 – 1:2, 2007/08 – 3:4, 2008/09 – 0:2, 2009/10 – 1:1 (təsnifat), 2010/11 – 0:1 (təsnifat).
İlk dövrədəki oyun – 0:1.

21 dekabr

14:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ. Şəhər stadionu
Qəbələdəki oyunların balansı: 6 oyun: +1=1-4 (8-9).
2006/07 – 0:2, 2007/08 – 1:2, 2008/09 – 1:2, 2009/10 – 1:1 (təsnifat), 3:1 (“altılıq”), 2010/11 – 2:1 (təsnifat).
İlk dövrədəki oyun – 1:0.

15:00. “Neftçi” – “Kəpəz”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Bakıdakı oyunların balansı: 16 oyun: +10=1-5 (31-17).
1992 – 2:1, 1993 – 2:0, 1993/94 – 0:1, 1994/95 – 0:0, 1995/96 – 3:2 (təsnifat), 2:3 (“altılıq”), 1996/97 – 2:0, 1997/98 – 0:2, 1998/99 – 1:3 (təsnifat), 3:0 (“altılıq”), 1999/00 – 3:1, 2000/01 – 1:0, 2003/04 – 3:0, 2004/05 – 2:0, 2005/06 – 1:2, 2010/11 – 6:2 (təsnifat).
İlk dövrədəki oyun – 1:1.

16:00. “Xəzər Lənkəran” – “Bakı”
Lənkəran. Şəhər mərkəzi stadionu.
Lənkərandakı oyunların balansı: 9 oyun: +5=3-1 (11-3).
2004/05 – 2:0, 2005/06 – 0:1, 2006/07 – 1:0, 2007/08 – 0:0, 2008/09 – 3:0, 2009/10 – 1:1 (təsnifat), 1:0 (“altılıq”), 2010/11 – 1:1 (təsnifat), 2:0 (“altılıq”).
İlk dövrədəki oyun – 2:2.

 KomandaOQHMQollarXallar
1Neftçi17111535-1634
2İnter1796215-933
3Xəzər Lənkəran1795324-1732
4Bakı1785423-1329
5Qarabağ1784520-1428
6Qəbələ1774618-1925
7AZAL1765625-2523
8Simurq1754818-2519
9Rəvan1747618-2119
10Kəpəz1744921-3216
11Sumqayıt Şəhər17331112-2312
12Turan17321210-2511


Bombardir: Bahodir Nasimov (Neftçi) - 10