Fatih Kavlak: İlin son oyununda hədəfimiz yalnız 3 xaldır
19.12.2011 - 18:16
Fatih Kavlak: İlin son oyununda hədəfimiz yalnız 3 xaldır
“Çox çətin oyun olacaq. Rəqibimizin təqdimata ehtiyacı yoxdur. Hər iki komanda meydana qələbə qazanmaq üçün çıxacaq. Matça çox yaxşı hazırlaşmısıq. İlin son oyununda hədəfimiz yalnız 3 xaldır”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.

O, klubun rəsmi saytına Premyer Liqanın XVIII turunda, dekabrın 21-də doğma meydanda “Qarabağ”la oyun barədə fikirlərini açıqlayıb. Türkiyəli çalışdırıcı bildirib ki, bu görüş ilk “altılıq”da möhkəmlənmək baxımından mühüm əhəmiyyət kəsb edəcək: “Hazırda “Qarabağ” turnir cədvəlində bizdən bir pillə irəlidədir və onlar “Qəbələ”ni 3 xal qabaqlayırlar. Bu matçda Ağdam təmsilçisi ən azı 3 xallıq fərqi qorumağa çalışacaq. Təsnifat mərhələsinin 1-ci dövrəsində “Qarabağ”a səfərdə 1:0 hesabı ilə qalib gəlməyimiz oyuna rahat çıxmağımıza əsas vermir. Əksinə qarşılaşmaya daha ciddi hazırlaşmışıq. Qalib gəlib “altılıq”da möhkəmlənmək istəyirik. Heyətdə bir neçə itkimiz olsa da, kollektivdə ab-hava yüksək səviyyədədir”.

Xatırladaq ki, Deon Barton, Abdulkader Kamara, Yaşar Abuzərov zədəyə, Nodar Məmmədov isə “Turan” matçda qırmızı vərəqə ilə cəzalandırıldığına görə “Qarabağ”a qarşı forma geyə bilməyəcəklər. Zədəsini sağaldan Aleksandr Çertoqanov isə artıq sıraya dönüb və komanda ilə məşqlərini davam etdirir.