“16 yaşında bu mükafata layiq görülmək mənim üçün fəxrdir”
19.12.2011 - 19:00
“16 yaşında bu mükafata layiq görülmək mənim üçün fəxrdir”
“İlin ən yaxşı futbolçusu olacağımızı gözləyirdim. Düzdür, yığma komandamızda buna layiq digər qızlar da var. Ancaq qalib mən seçildim və mənə səs verənlərin hamısına minnətdarlığımı bildirirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandasının (U-17) futbolçusu Əminə Heydərova deyib.

O, yığmamızın məşqçilər korpusunun rəyinə əsasən, komandanın 2011-ci il üçün ən yaxşı futbolçusu seçilib. Heydərovaya mükafatı AFFA-nın bu gün keçirdiyi mərasimdə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard təqdim edib.

Yeniyetmə müdafiəçi karyerasında aldığı ilk mükafata görə çox sevinib: “16 yaşında bu mükafata layiq görülmək mənim üçün fəxrdir. Bu, mənə əlavə ruh yüksəkliyi verir. İnşallah, bundan sonra daha yaxşı oynamağa çalışacağam. Gələn ilin sentyabrın 22-dən oktyabrın 13-dək ölkəmizdə U-17 qadınlararası dünya çempionatının final mərhələsi keçiriləcək. Həmin yarışa ciddi hazırlaşırıq. Bu məqsədlə müxtəlif ölkələrdə təlim-məşq toplanışı keçirik. AFFA bizə hərtərəfli yaxşı şərait yaradır. Çalışacağıq ki, həmin yarışda ölkəmizi layiqincə təmsil edəcək”.

Mehman SÜLEYMANOV