“Qarabağ”lılar “at oynadır”lar
19.12.2011 - 21:15
“Qarabağ”lılar “at oynadır”lar
Azərbaycan yığmasında ilin ən yaxşı futbolçuları ilə bağlı nominasiyasında “Qarabağ” klubu hegemonluq edir. Apasport.az saytının məlumatına görə, AFFA-nın 3-cü ildir keçirdiyi sorğunun qalibləri Ağdam təmsilçisinin üzvləri olurlar. 2009-cu ildə hücumçu Vaqif Cavadov ilk nominasiyanın qalibi seçildi. Vaqif həmin vaxt qış fasiləsində ağdamlılarla yollarını ayıraraq, Hollandiyanın “Tvente” klubuna keçdi.

2010-cu ildə Rəşad Sadıqov milli komandamızın ən yaxşı futbolçusu oldu. Düzdür, Rəşad həmin vaxt “Əskişəhərspor”un oyunçusu olsa, türk klubuna məhz “Qarabağ”dan getmişdi. Həmin ilin sentyabrına kimi Ağdam təmsilçisinin şərəfini qoruyan Sadıqov mükafatı alandan az sonra – bu ilin fevralında doğma məkana qayıtdı.

Bu il isə ən yaxşı futbolçusu Rauf Əliyev seçildi. Karyerasında hələlik çempionluq sevinci yaşamayan Əliyev ağdamlılarla titulu 2009-cu ildə ölkə kuboku, mükafatı isə ardıcıl son 2 ildə bürünc medal olub. Rauf Rəşadla yenidən birgə oynayır və millimizin 29 yaşlı kapitanı estafeti gənc komanda yoldaşına verdi.

Göründüyü kimi, ən yaxşılarda artıq 2-ci hücumçu, 1 dəfə müdafiəçi qalib olub. İlin ən yaxşı yığma qapıçısı nominasiyası isə 2 dəfə - 2009-cu və 2011-ci ildə olub və hər ikisində “Xəzər Lənkəran”ın da “1 nömrəsi” Kamran Ağayev seçilib. Ötən il isə bu yox, milli komandamızda ən çox oyun keçirən futbolçu nominasiyasında mükafat təsis olundu. Bunun ilk qalibi olan Mahir Şükürov həmin vaxt Rusiyanın “Anji” klubunun üzvü idi və mükafatı qazanandan sonra vətənə qayıdaraq, hazırda “Qəbələ”nin şərəfini qoruyur.

Bu il isə yığmamızda ən çox oyun keçirənlər 2 nəfər oldu – Kamranla Rəşad. Onlar millimizin 2011-də keçirdiyi 10 oyundan 9-da əvəzedilmədən, 810 dəqiqə meydanda oldular.

Digər nominasiyalara gəlincə, Əminə Heydərova ilk dəfə fərqlənib. Bunadək 17 yaşadək qızlardan ibarət yığmamızda müvafiq olaraq, Ana Ələkbərova ilə Jalə Məmmədova qalib olmuşdu. Futzal millisində ilk dəfə kapitan Rizvan Fərzəliyev, son 2 ildə Vitali Borisov fərqlənib. Çimərlik yığmasında 2009-cu ildə olduğu kimi, yenə Elvin Quliyev ən yaxşı futbolçu kimi mükafatlandırıldı. Ötən il isə bu idman növündə qapıçı Emin Kürdov fərqlənmişdi.

Mehman SÜLEYMANOV