“İnter”dən fantastik nailiyyət: Nəhənglərin hər ikisi nokautda
20.12.2011 - 11:04
“İnter”dən fantastik nailiyyət: Nəhənglərin hər ikisi nokautda
Bakının “İnter” klubu yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan futbolunun nəhənglərini nokauta salan ilk komanda kimi tarixə düşüb. Söhbət ölkənin 2 ən sanballı klubu – “Neftçi” və “Xəzər Lənkəran”la qarşılaşmalarda maksimum xala nail olmaqdan gedir.

Futbolumuzda “İnter”in özü, həmçinin “Qarabağ” və “Bakı” kimi iddialı böyük klublar olsa da artıq 7 ildir ki, daxili arenada məhz “Neftçi” ilə “Xəzər Lənkəran” əsas söz sahibləri sayılır. Təsadüfi deyil ki, məhz bu 2 komandanın dueli “Böyük oyun” adına layiq görülüb.

“İnter” isə “Böyük oyun” iştirakçılarına öz böyüklüyünü göstərir. Cari mövsümün arxada qalan hissəsində “bankirlər” həm “Neftçi”, həm də “Xəzər Lənkəran”ı xal üzünə həsrət qoyub. Kaxaber Sxadadzenin yetirmələri Premyer Liqanın təsnifat mərhələsində turnir cədvəlinin ilk “üçlüy”ündəki qonşuları ilə bütün görüşlərdə qələbə qazanıb. “Neftçi”ni öz meydanında 2:1 hesabı ilə üstələyən “İnter” bu rəqibi səfərdə, “Xəzər Lənkəran”ı isə hər 2 matçda eyni hesabla – 1:0 hesabı ilə qalib gəlib. Qızıla bərabər 5 qoldan 3-nü baş məşqçinin oğlu Baçana Sxadadze vurub. Qapıçı Georgi Lomaya isə nəhənglərlə 4 oyunun 3ü “quru” keçirib.

Hər 2 nəhəngin ölkə çempionatlarında iştirak etdiyi 2004/05 mövsümündən indiyədək heç bir komanda bu klublarla 4 oyunda 12 xal almamışdı. 1 mərhələli 5 mövsümün heç birində, üstəlik son çempionatların ayrı-ayrı mərhələlərində “Neftçi” və “Xəzər Lənkəran”ın ikisini də birdən xala həsrət qoyan olmamışdı. Düzdür, “Bakı” ayrı-ayrı vaxtlarda hər 2 komandaya qənim kəsilsə də bu eyni mövsümdə olmayıb. 2008/09 mövsümdə “Neftçi”, ötən mövsümün final mərhələsindəki 2 oyunluq dueldə isə “Xəzər Lənkəran” bakılılardan xal almamışdı. Daha 1 komandanın lənkəranlılardan 1 mövsümün 2 oyununa 6 xal alıb. Bu, 2008/09 mövsümündə buna nail olan “Qarabağ”dır. Lakin həm “Bakı”, həm də “Qarabağ” nəhənglərdən birinə qənim kəsildiyi vaxt digər nəhəngə ən azı 1 xal verib. “İnter” isə heç kimin və heç vaxt bacarmadığına nail oldu.