“Neftçi”də ruh düşkünlüyü yaranıb” – MÜSAHİBƏ
20.12.2011 - 14:00
“Neftçi”də ruh düşkünlüyü yaranıb” – MÜSAHİBƏ
“Neftçi” klubunun kapitanı Rail Məlikovun apasport.az saytına müsahibəsi

- Premyer Liqada ardıcıl qələbələr qazanan komandanız hesabat turunda “İnter”ə uduzdu. Bu barədə nə deyə bilərsiniz?
- Nəticənin belə olacağını gözləmirdik. Özü də, hesabı biz açmışdıq. Lakin penaltini vura bilmədik, rəqib isə bundan ruhlandı. Nəticədə məğlub olduq. Futbolun gözəlliyi də bundadır ki, əvvəlcədən nəticənin necə olacağını bilmək olmur.

- Həmin oyunda qələbə qazanmaqla, xal fərqini 7-yə yüksəldib, qış fasiləsinə lider kimi yollana bilərdiniz...
- Şansı əldən qaçırdıq. Biz də istəyirdik ki, xal fərqini artıraq. Alınmadı. Qarşıdakı oyunlara baxacağıq. Tək “İnter”lə yox, bütün görüşlərə qələbə istəyi ilə çıxırıq. Belə baxanda, hələ “İnter”lə 2 dəfə də görüşəcəyik. “Altılıq”da onlardan revanş alarıq.

- “İnter” “Neftçi”nin hər 2 dövrədə məğlub edə bilmədiyi yeganə komandadır. Məsələn, ilk dövrədə AZAL və “Xəzər Lənkəran”a yenilsəniz də, ikincidə bunun əvəzini çıxdınız.
- Düz deyirsiniz, bizi məğlub edən komandaları II dövrədə yendik. Yalnız “İnter”dən revanş ala bilmədik. Öz səhvlərimizdən uduzduq. “İnter”in ikinci pillədə qərarlaşması, onların da zəif komanda olmadığını göstərir.

- Komandanız əsas rəqibləri ilə duellərdə böyük hesablı qələbələrə sevindi. Bəlkə bu fakt daxildə arxayınçılıq yaratmışdı?
- Elə düşünmürəm. “İnter”in gücünü bilirdik. Təəssüf ki, məqsədimizə nail ola bilmədik. Bu məğlubiyyət komandada ruh düşkünlüyü yaradıb. Gərək “Kəpəz”lə oyunda qələbə qazanıb, bunu unutduraq.

- Sabah “Kəpəz”lə ilin son oyununa çıxacaqsınız. Gəncədəki qarşılaşmada da xal itirmişdiniz. Əzəli rəqibdən qisas almaq çətin olmayacaq ki?
- Maraqlı görüş olacağını düşünürəm. Komanda oyuna köklənib. Keçmişi unutmalıyıq.

- Yayda baş məşqçi təyin edilən Böyükağa Hacıyevin gəlişindən sonra komandada nə dəyişib?
- Çox şey. Komandaya yeni ruh gəlib. Taktiki gedişlər də öz yerində. Həm də hazırkı kollektiv artıq ikinci ildir bir yerdə oynayır və meydanda bir-birimizi yaxşı başa düşürük.

- Mövsümün startından bir qədər sonra əksəriyyət “Neftçi”nin liderlər qrupuna düşə bilməyəcəyini və işinin çətin olacağını düşünürdü. Ancaq indi komanda liderdir.
- Düzdür, “Xəzər Lənkəran”dan 6 xal geridə idik. Ancaq sübut etdik ki, komandamız güclüdür. Həm də ötən ilki uğurumuza kölgə salanlara cavab verdik ki, çempion olmağımızda bizə heç kimin köməyi olmayıb. Kim layiqdir, o da zirvədədir.

- Başa çatmaqda olan ili necə dəyərləndirirsiniz?
- Bizim üçün uğurlu oldu. Komandamız 6 illik fasilədən sonra çempion oldu. Hazırda turnir cədvəlinə başçılıq edirik. Bundan uğurlu nə ola bilər?

- Bəs daha çox nəyə təəssüfləndiniz?
- “İnter”ə məğlubiyyətə. Çünki revanşı ala bilmədik. Bir də I dövrədə AZAL-a 1:3 hesabı ilə yenilməyimizə üzüldüm.

- Sevindirən amillər hansı oldu?
- AZAL-dan revanşımızı aldıq. Özü də darmadağınla. “Xəzər Lənkəran”ı da böyük hesabla məğlub etdik.