Azərbaycan kubokunun qalibi “Kral Pele”də oynayacaq
20.12.2011 - 14:17
Azərbaycan kubokunun qalibi “Kral Pele”də oynayacaq
“Bakı”nın sabiq futbolçusu Venio özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi karyerasını vətəni Braziliyada davam etdirəcək.

Venio B seriyasında çıxış edən CRB komandasına keçib. Gələn il 100 illik yubileyini qeyd edəcək komanda Alaqoana ştatının 25 qat çempionudur. Maraqlıdır ki, CRB ev oyunlarını “futbol kralı” Pelenin şərəfinə “Kral Pele” adlanan stadionda keçirir.

Klubun baş məşqçisi Edmilton Lins Venionun transferini yüksək qiymətləndirib: “Bu idmançı yüksək texnika və təcrübəyə malikdir. Onun böyük iddialarımızı həyata keçirməkdə böyük faydası olacaq”.

Qeyd edək ki, Venio 2009/10 mövsümünün qış fasiləsində “Bakı”ya transfer olunub və yarım il Azərbaycanda çıxış edib. Yarımmüdafiəçi ölkəmizdə Azərbaycan kubokunun qalibi və Premyer Liqanın gümüş mükafatçısı olub.