Fatih Kavlak: “Qarabağ”ı yaxşı tanıdığımdan, üstünlük bizdə olacaq
21.12.2011 - 00:10
Fatih Kavlak: “Qarabağ”ı yaxşı tanıdığımdan, üstünlük bizdə olacaq
“Qarabağ”la oyuna prinsipial yanaşmıram. Mənim üçün dəyərli olan bu komandadan yaxşı münasibətlə ayrıldıq. Oradakılar mənim üçün doğma insanlardır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.

Ölkəmizə 2009-cu ilin yayında gələn türkiyəli çalışdırıcı öncə “Qarabağ”da işlədi. 2009/10 mövsümündə baş məşqçi Qurban Qurbanovun köməkçisi olan Kavlak artıq il yarımdır qəbələlilərin sırasındadır. Ötən ilin mayında Toni Adamsın “Qəbələ”nin baş məşqçisi postuna gəlişi zamanı onun köməkçisi olmaq üçün dəvət edilən türkiyəli ingilis həmkarının istefa verməsindən sonra komandanın “sükanı arxası”na keçib.

Kavlak bu ili məhz “Qarabağ”la görüşlə başa vuracaq ki, Premyer Liqanın XVIII turunun həmin oyunu bu gün Qəbələdə keçiriləcək. O, turnir cədvəlində “qonşuların dueli”nin hər 2 komanda üçün maraqlı olacağını düşünür: “Mənim üçün ayrı bir motivasiya olmayacaq. Sadəcə, “Qarabağ” daha yaxşı tanıdığım komanda olduğundan, bəlkə bir az üstünlüyüm olacaq. Ancaq bu, futboldur, öz komandanla oynasan belə, bəlkə də yenilə bilərsən. Bu üzdən nəticə ilə bağlı dəqiq bir şey söyləmək olmaz. Hər halda, “Qarabağ”la, baş məşqçi Qurban Qurbanov, rəhbərliklə yenidən görüşmək yaxşı olacaq. Bunlar gözəl şeylərdir. “Qarabağ” çox güclü, Azərbaycanın ən önəmli komandalarından biridir”.

37 yaşlı çalışdırıcı indiki “Qarabağ”ı özü işlədiyi komanda ilə belə müqayisə edib: “Onların ötən turda “Rəvan”la oyununu izlədim. “Qarabağ”ın məndən sonra heyətdə az dəyişikliyi olub. Mənim vaxtımda oynayan 2 futbolçu əsas heyətdən kənarda qalmışdı. Onlar – Rəşad Sadıqovla Rauf Əliyev 2-ci hissədə meydana daxil oldular. Demək olar eyni komandadır, eyni baş məşqçi, eyni rəhbərlikdir”.

Maraqlıdır ki, “Qəbələ”ni ölkə kubokunda da növbəti rəqibi “Qarabağ”dır. Əyalət təmsilçiləri gələn ilin martında turnirin ¼ final mərhələsində 2 dəfə görüşəcək. Belə olan halda, Kavlak üçün ağdamlılarla çempionat görüşünü kubokdakı mübarizə öncəsi bir sınaq saymaq olar.

Ancaq bununla razılaşmayan “Qəbələ”nin baş məşqçisi fikrini belə əsaslandırıb: “Əslində, belə demək olmaz, çünki mövsümün sonu deyil. “Qarabağ”la matçdan sonra qış fasiləsi başlayacaq. Yəqin ki, fasilədən sonra komandalarda eyni heyətlər olmayacaq, dəyişiklər baş verəcək. Ola bilər ki, “Qarabağ” təlim-məşq toplanışında heyətinə bir neçə futbolçu qatdı. Bizdə də heyətdə dəyişiklər ola bilər. Yəni hər şey ola biləcəyindən, matç son sınaq xarakteri daşımayacaq. Oyun qış fasiləsindən sonra olsaydı, belə yanaşmaq olardı. Fasilədə kimsə toplanışı yaxşı keçəcək, kimsə pis. Hələ 2-3 ay vaxt var ki, bu, böyük zamandır. Məncə, çempionat matçına görə kubokla bağlı fikir bildirmək, qiymət vermək yanlış olardı. Biz kubokda kiminlə oynayırıq-oynayaq, mərhələ keçmək istəyəcəyik”.

Qeyd edək ki, ilk dövrədə Ağdamda 1:0 hesabı ilə qalib gələn “Qəbələ” “Qarabağ”ı evdə də yenərsə, onunla xalları bərabərləşdirib, şəxsi oyunlarda üstünlüyə görə 5-ci pilləni ələ keçirəcək.