“Bu məsələyə Hafiz Məmmədov qərar verəcək” – MÜSAHİBƏ
21.12.2011 - 00:04
“Bu məsələyə Hafiz Məmmədov qərar verəcək” – MÜSAHİBƏ
“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi

- 2011-ci il başa çatmaqdadır. XVIII turdan sonra Premyer Liqada qış fasiləsi yaranacaq. Həm cari mövsümü, həm də ümumilikdə ili “Bakı” üçün necə dəyərləndirərdiniz?
- Belə götürsək, 2011-ci il “Bakı” üçün çox da uğurlu alınmadı. İlin ilk yarısının, ötən mövsümünün yekununa görə nə çempionatda mükafatçı yerlərdən biri tuta, nə də kuboku qazana bildik. Nəticədə avrokuboklara çıxmadıq. Buna görə də yayda komandada köklü dəyişiklərə əl atdıq. Bir sıra yeni transferlərimiz oldu. Cari mövsümün əvvəli də bizim üçün uğurlu alınmadı. Yaxşı oyun göstərə bilmirdik ki, bu da heyətdə dəyişiklərlə bağlı idi. Çünki yeni komanda qururduq və futbolçuların bir-birinə uyğunlaşmağı üçün vaxt lazım idi. Fikirləşirəm ki, getdikcə hər şey öz yerini tapacaq. II dövrədə komanda öz oyununu göstərə bildi. Nəticədə ardıcıl qələbələrimiz oldu, xal ehtiyatımızı artırdıq, kubokda “Rəvan”ı keçdik. Düzdür, bu, bizə çətin başa gəldi, ardıcıl 2-ci il oyun sonrası penaltilərlə buna nail olduq.

- Ancaq cari mövsümün əvvəlində “Bakı” ardıcıl penaltiləri boşa verdiyindən, yenə uğursuzluğa düçar olacağını düşünmək olardı...
- Düzdür, belə düşünənlər vardı. Ancaq futbolda penaltiləri qaçırmaq halları olur. Sağ olsun futbolçular ki, kubokda həlledici anda toparlanıb, öz sözlərini dedilər. Qapıçımız Marlo Şarliya da ustalığını göstərib, penaltiləri qaytardığını qeyd etmək lazımdır. Ancaq “Rəvan”la oyundan sonra 5-6 futbolçumuz zədəyə görə sıradan çıxıb ki, bu da böyük itkidir. Fabio Luis Ramim, Elvin Məmmədov, Deyvidas Çesnauskis, Elvin Əliyev, Aleksandr Şoliçin zədəli olmağı öz sözünü deyir. Bu da kubokdan sonrakı nəticələrimizə təsirini göstərdi. AZAL və “Rəvan”la oyunlardan 1 xal götürdük, “Sumqayıt Şəhər” üzərində çətinliklə qələbə qazandıq. Fikrimcə, qış fasiləsində həmin futbolçularımız tam sıraya dönəndən sonra qalan oyunlarda uğurlu çıxış edə bilərik.

- Komandanızın çempionatda, kubokda uğur qazanmaqla bağlı real şansları necə dəyərləndirərdiniz?
- “Bakı”nın hədəfləri dəyişməyib. Yenə çempionluq, kubok uğrunda sona kimi mübarizə aparacağıq. Lider “Neftçi” ilə xal fərqimiz 5-dir. Həm onunla, həm də “İnter”, “Qarabağ”, “Xəzər Lənkəran”la oyunumuz qalıb. Əsas rəqiblərimizlə oyunlarla isə yaxşı nəticə qazanıb, turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırmaq imkanına malik olursan. Biz də bundan maksimum yararlanmalıyıq. Yeni ildən sonra “Simurq”la matçımız var ki, səfərdə oynayacağımızdan, çətin olacaq.

- “Bakı”nın əsas rəqibləri ilə oyunlarda hələ nəticə qazana bilmir...
- Futbolçular bu həlledici matçlarda toparlanıb, nəticə qazanmaq üçün bütün güclərini sərf etməlidir. “Altılıq”da hamısı derbi oyunlar olacaq. Komandaların öz aralarındakı oyunların nəticəsi çempionatda yerləri müəyyənləşdirəcək. Həm ilk, həm də 2-ci “altılıq”da sona kimi gərgin mübarizə gedəcək. Hazırda asan qələbə qazanılacaq komanda yoxdur, heç kim bir-birinə güzəştə getmir. “Kəpəz” gəlib Bakıda bizə 3:0 hesabı ilə qalib gəldi. İstənilən halda, bütün klublarımızın daxili yarışlarda qazanılan çempionluqla kuboku yetərli saymayıb, əsas məqsədi avrokuboklarda daha uğurlu çıxış etmək olmalıdır. Futbolçumuz inkişaf yolundadır və Avropada qazanılan uğurlar daha böyük rol oynayır.

- Komandanız cari ili latviyalı baş məşqçi Aleksandr Starkovun rəhbərliyi altında keçirdi. Onun işinə kənardan necə qiymət vermək olar?
- Ümumilikdə götürdükdə, razıyıq. Starkov ötən mövsümün ortasında komandaya gəlmişdi, ona vaxt lazım idi. Keçən mövsüm “altılığ”a düşdük, kubokda yarımfinala kimi çıxsaq ki, “Xəzər Lənkəran”a səfər qoluna görə uduzaraq, mübarizəni dayandırdıq. Cari mövsümə daha böyük ümidlərlə baxırıq. Tez-tez baş məşqçi dəyişikliyinin tərəfdarı deyilik. Bu, komandanın çıxışına təsirini göstərir. Hər yeni baş məşqçi gələndə, ona müəyyən vaxt lazım gəlir.

- Starkov bu müddətdə paralel olaraq Latviya yığmasını da çalışdırıb. Onunla Latviya Futbol Federasiyası ilə bağladığı müqavilənin müddəti artıq bitib. Latviyalı mütəxəssis gələn il yalnız “Bakı”da çalışacaq, yoxsa yenə iki yerdə?
- Buna klubumuzun prezidenti Hafiz Məmmədov qərar verəcək. Onun Starkovla dekabrın sonunda görüşü olacaq və həmin məsələ orada müzakirə ediləcək.

- Starkov bu məsələnin klub rəhbərliyindən asılı olduğunu bildirib...
- Fikrimcə, Starkov veriləcək qərara müsbət yanaşacaq.

- İlin son oyununuz bu gün səfərdə “Xəzər Lənkəran”la olacaq. Sizcə, bu 2 komanda arasında yenə prinsipial, gərgin, maraqlı mübarizənin şahidi olacağıq?
- “Xəzər Lənkəran”la oyunlarımız həqiqətən gərgin keçib, azarkeşlər maraqlı mübarizənin şahidi olub. Ancaq təəssüflər olsun ki, bu dəfə Lənkərandakı oyunumuz boş tribunalar qarşısında keçəcək. Belə olmağını istəməzdim.

- Halbuki Lənkərana gələn rəqiblər adətən orada azarkeşlərin doğma komandalarına çılğın dəstəyindən ehtiyatlanırlar...
- Futbolu azarkeşlərə görə oynayırlar. Onlar böyük rol oynayırlar. Adicə Respublika stadionunda matçlarımız zamanı 1500-2000 azarkeşlər gələndə də, bu, oyuna təsirini göstərir. Azarkeşlərin səsi, dəstəyi meydanda mübarizə aparanlarda canlanma yaradır. Hesab edirəm ki, komandamızın daha yaxşı çıxış etməklə, azarkeşlərimizin sayı da artacaq. Lənkəranda azarkeşlər qarşısında oynamaq istərdik.

- Sizcə, “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçərlə kosta-rikalı hücumçunuz Uinston Parksın hazırda əks-düşərgələrdə olmağı oyuna öz təsirini göstərək, prinsipiallığı artıracaqmı?
- Baş məşqçi, oyunçunun keçmiş komandaları ilə görüşməyi futbolda normal şeydir. Bildiyiniz kimi, Biçər ölkəmizdə ilk olaraq “Bakı” klubuna işləyib. 2009/10 mövsümünün “altılığ”ında komandamızın baş məşqçisi postunda yer alıb. Həmin çempionatı gümüş medalçı olduq, kuboku qazandıq. Biçər bacarıqlı, qabiliyyətli məşqçidir. Onun “Xəzər Lənkəran”da baş məşqçi təyinatına sevindik. Lənkəranda olduğum müddətdə Biçərlə görüşüb, işində uğurlar arzulayacağam. İnanırıq ki, buna nail olacaq.

- Bəs Parksın Lənkəranda öz sözünü deyə biləcəkmi?
- Parks peşəkar futbolçudur, öz işinə peşəkarcasına yanaşır. Bildiyiniz kimi, ilk dövrədə “Xəzər Lənkəran”la oyunda etdiyi dublla yadda qaldı. Onun yenə öz sözünü deyəcəyinə inanırıq. Uinstonun Lənkərandakı oyununun necə alınacağını matç göstərəcək.

- Digər hücumçularınız – Jaba ilə Marius Verpakovskis hazırda “Bakı”nın lideri olan Parksın kölgəsində qalırlar. Onlar nə vaxt parlaq oyun göstərəcəklər?
- Jaba ilə Verpakovskisin hər ikisi səviyyəli futbolçulardır. Sonuncu da zədə üzündən bir müddət kənarda qalıb. Ancaq meydana qayıdandan sonra “Sumqayıt Şəhər”lə oyunda qələbə topunu vura bildi. Jaba uzun müddət əsas komandanın hazırlığında iştirak etmədi. Mən əminəm ki, hər ikisi daha yaxşı oyunla öz sözlərini deyəcəklər. Parks da gələndə uyğunlaşmağa vaxt lazım idi. Bildiyiniz kimi, mövsümün əvvəlində cəmi 1 qol vurmuşdu. Ancaq sonradan oyununu tapıb, qollarını sıralamağa başladı. Görünür, bu hücumçularımız da fərqlənmək üçün müəyyən kondisiyalara çatmalıdırlar.

- Qış fasiləsində kimlərlə yoxlama oyunu keçirəcəyiniz müəyyənləşibmi?
- Hələlik tam dəqiqləşməyib. Ancaq güclü rəqiblərlə oynamağı planlaşdırırıq. Hazırlığımız Türkiyədə 2 mərhələdən ibarət olacaq. İlk təlim-məşq toplanışımız yanvarın 5-dən 19-dək olacaq. Orada əsas fiziki hazırlığa diqqət yetiriləcək və 2 yoxlama oyunu keçirəcəyimizi düşünürəm. İkinci toplanışa yanvarın 25-də yollanıb, fevralın əvvəlində qayıdacağıq. Ümumilikdə, qış fasiləsində 5-6 yoxlama oyunu keçirmək nəzərdə tutmuşuq.

- Heyətdə hansı dəyişiklər olacaq? Gedənləri, hansı mövqelərin gücləndirilməyi üçün transferlərin olacağını müəyyənləşmisiniz?
- Bu məsələləri Starkov müəyyənləşdirəcək. “Bakı”da rəhbərlik baş məşqçinin işinə müdaxilə etmir. Latviyalı çalışdırıcımızla söhbətimiz olacaq və o, heyətdəki hansı dəyişiklərin olmağına qərar verəcək. Hər halda, həm yerli, həm də əcnəbi futbolçuların transferini nəzərdə tutmuşuq.

- Komandanızda milli futbolçularının sayını artırmağı planlaşdırırsınız?
- “Bakı”nın əsas məqsədlərindən biri öz yetirmələrinin hazırlığına diqqət yetirməkdir. Aşağı yaş qruplarımızdan bir sıra futbolçuları artıq əsas komandamıza cəlb etmişik. Onların gələcəyinə inanırıq. Gələcəkdə onlar “Bakı”nın əsasını təşkil edəcəklər. Hazırda da milli futbolçularımız var. Elvin Məmmədov, Fabio Luis Ramim, Aqil Məmmədov yığmamıza cəlb olunur. Bildiyiniz kimi, ilk 2 futbolçu millimizin heyətində Makedoniya yığması ilə Bakıdakı oyundan sonra aldıqları ağır zədə nəticəsində uzun müddət kənarda qaldılar. Kimləri yığmaya dəvət etmək artıq baş məşqçinin səlahiyyətində olan məsələdir. Biz onun işinə qarışa bilmərik. Misal üçün, Elvin Əliyev yığmaya çağırılmırsa, görünür, baş məşqçinin tələblərinə tam cavab vermir və dəvət almaq üçün öz üzərində daha çox çalışmalıdır.

Mehman SÜLEYMANOV