UEFA Mahir Şükürovun cəzasını açıqladı
20.12.2011 - 19:54
2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində İstanbulda keçirilmiş Türkiyə - Azərbaycan (1:0) matçından sonra qanında istifadəsi qadağan edilən dərman preparatı tapılan Mahir Şükürovun cəzası açıqlanıb. Apasport.az saytının xəbərinə görə, qitə futbol qurumu UEFA-nın Nizam İntizam Komitəsi millimizin müdafiəçisi haqda qərarını verib.
Qərar əsasən, Şükürov 2011-ci il noyabrın 11-dən etibarən 2 ay müddətinə cəzalandırılıb. Bu isə o deməkdir ki, futbolçumuzun cəzası yanvarın 11-də başa çatacaq.
Şükürov oktyabrın 11-də “Türk Telekom Arena”da keçirilmiş oyundan sonra yığmamızın digər futbolçusu Ruslan Abışovla birgə dopinq-testə aparılmışdı. Abışov testdən üzüağ çıxsa da, sonradan Mahirin qanında istifadəsi qadağan edilən dərman preparatı tapıldığı üçün uzun müddətə cəzalanacağı bildirilirdi.
Amma görünür, AFFA rəhbərliyinin işə qarışması Şükürovun ağır cəza ilə üzləşməsinin qarşısını alıb.
Belə ki, assosiasiyanın baş katibi Elxan Məmmədovla millinin baş məşqçisi Berti Foqts bu məsələ ilə bağlı UEFA rəsmiləri ilə müzakirələr apararaq, Şükürovun “böyük günah” etmədiyini əsas gətiriblər. Bu səbəbdən də, Mahir yığmamızın digər üzvü Sergey Sokolov kimi uzun müddətə cəzalanmayıb.
0
0