Sxadadze Premyer Liqa rekordunu təkrarladı
21.12.2011 - 10:28
Sxadadze Premyer Liqa rekordunu təkrarladı
Premyer Liqanın XVIII turu Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Zaqatalanın “Simurq” klubu ilə qarşılaşmada cəzalı olduğundan tribunada əyləşən 43 yaşlı mütəxəssis Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb.

Belə ki, Sxadadzenin yetirmələri 2:0 hesablı qələbə qazanmaqla gürcüstanlının Premyer Liqa tarixində 51-ci qələbəsini rəsmiləşdirib. Bu isə indiyədək Azərbaycana gəlib-getmiş əcnəbi baş məşqçilər üçün rekord göstəricidir. İndiyədək yalnız 1 legioner mütəxəssis bunu bacarmışdı. Sxadadze “İnter”dəki sələfi Valentin Xodukinə məxsus 51 qələbəlik rekordunu təkrarlayıb. Bütün çempionat qələbələrini “İnter”də qazanan ukraynalıdan fərqli indiki çalışdırıcı bu buğura 2 komandada nail olub.

Sxadadze “Standard”da çalışdığı vaxt 26 matçda 11 qələbənin sevinci dadmışdı. “İnter”də isə 82-ci qarşılaşmada 40-cı, yubiley qələbəsini qeyd edən gürcüstanlı ümumilikdə 108 oyunda 51-ə çatıb.