Milli komandamız üçün doğmalaşan mövqe
21.12.2011 - 15:21
Milli komandamız üçün doğmalaşan mövqe
Azərbaycan milli komandası başa çatmaqda olan 2011-ci ildə daha çox gerilədi. Apasport.az saytının məlumatına görə, bu ilə 1 pillə irəliləyərək, 97-ci pillədə başlayan yığmamız ardından mövqelərini əldən verməyə başladı. Təsadüfi deyil ki, avqust daxil olmaqla, 8 ayda yalnız 1 dəfə irəliləyə (onda da 1 pillə) bildik. Ancaq milli komandamızın sentyabrın əvvəlində Avro-2012-nin seçmə mərhələsində Bakıda Belçika (1:1) və Qazaxıstan (3:2) yığmaları ilə rəsmi oyunlardan götürdüyümüz 4 xal böyük sıçrayışa gətirib çıxardı. Belə ki, sentyabr reytinqində birdən-birə 15 pillə irəlilədik. Ancaq son rəsmi oyunlarımızın təsadüf etdiyi oktyabrda Bakıda Avstriyaya (1:4) və Türkiyəyə (0:1) məğlubiyyət yığmamızın həmin ay 20 pillə geriləməyi ilə nəticələndi. Düzdür, bundan sonra səfərdə Albaniya ilə yoldaşlıq görüşündə qalib gəldik (1:0) və noyabrda 4, dekabrda 1 pillə qabağa getdik.

Millimizin bu il reytinqdə mövqelərinə nəzərə salsaq, daha çox 112-ci pillədə yer aldığımızı görərik – 3 dəfə. Ümumiyyətlə, 1994-cü ildən yer aldığımız FİFA-nın reytinqlərində bunadək 5 dəfə 112-ci yerdə qərarlaşmışdıq. Bunlar 2000-ci ilin sentyabrında, 2011-ci ilin oktyabrında, 2004-cü ilin iyununda, 2006-cı ilin aprelində, mayında olub.

Milli komandamızın 2011-ci ildə FİFA-nın reytinqində yerləri

Yanvar - 97
Fevral - 99
Mart - 100
Aprel - 107
May - 108
İyun - 112
İyul - 111
Avqust - 112
Sentyabr - 97
Oktyabr - 117
Noyabr – 113
Dekabr - 112