“Qəbələ” son transferi ilə yollarını ayırdı
21.12.2011 - 15:44
“Qəbələ” son transferi ilə yollarını ayırdı
“Qəbələ” qış fasiləsi başlamamış heyətində dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, komanda ilk dövrənin axırında aldığı, son transferi olan hücumçu Serje Cehua ilə yollarını ayırıb. Sabiq baş məşqçi Toni Adamsın dövründə cəlb edilən 28 yaşlı legionerlə 2 aylıq müqavilə imzalanmışdı. Hazırkı türkiyəli çalışdırıcı Fatih Kavlak Fil Dişi Sahilindən olan Serje ilə anlaşmanın müddəti bitəndən sonra onu saxlamağı lazım bilməyib.

Qeyd edək ki, Türkiyə Superliqasında gələn Cehua uzun müddətdir çıxış etmədiyindən, oyun praktikası sarıdan korluq çəkirdi. Bununla belə, o, “Qəbələ”də 10 oyuna 4 qol vura bildi. Afrikalı Premyer Liqada 9 matçda (529 dəqiqə, 3 sarı vərəqə), ölkə kubokunda 1 oyunda (87 dəqiqə) 2 qol vurdu. Serje həm çempionatda, həm də kubokda hərəyə 1 dəfə penaltidən fərqləndi.