Vaqif Sadıqov üçün tanınmış yeni baş məşqçi - FOTO
21.12.2011 - 16:11
Vaqif Sadıqov üçün tanınmış yeni baş məşqçi - FOTO
Rusiyanın “Anji” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının Hollandiya mətbuatına istinadən məlumatına görə, Mahaçqala təmsilçisinin “sükanı arxası”na tanınmış mütəxəssis Qus Hiddink keçib. Ötən seçmə mərhələdə Türkiyə yığmasını çalışdıran hollandiyalı “Anji”yə rəhbərlik etməyə nəhayət, razılıq verib. Bununla da Hiddink 2 illik fasilədən sonra yenidən Rusiyada çalışacaq. 65 yaşlı çalışdırıcı Türkiyə millisinə gedənə qədər Rusiya yığmasının baş məşqçisi olmuş, ona 2008-ci ildə Avropa çempionatının bürünc medalını qazanmışdı. Hiddinklə sonradan 1 mövsüm uzadılmaqla, yarım illik müqavilə imzalanacaq. O, “Anji”də işinə gələn ilin yanvarında başlayacaq.

Hiddink son 2 seçmə mərhələdə milli komandamızla rəqib olub və heç birində Bakıda qalib gələ bilməyib. Ruslarla matçımız 1:1 hesabı ilə nəticələnibsə, türklərə qalib gəlmişik – 1:0. Hiddinkin komandaları yığmamıza evdə hər 2 dəfə (Moskvada 2:0, İstanbulda 1:0) qalib gəlib.

Qeyd edək ki, “Anji”nin məşqçilər korpusunda millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqov yer alıb.