AZAL-ın futbolçusu dünyanın bombardirləri arasında
22.12.2011 - 11:17
AZAL-ın futbolçusu dünyanın bombardirləri arasında
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il dünyanın yüksək liqalarında ən məhsuldar oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2011-ci ildə başa çatmış çempionatlarda 61 nəfərlik bombardirlər siyahısına latviyalı Aleksandr Çekulajev başçılıq edir.

Estoniyanın “Trans” klubunda oynayan hücumçu 35 oyunda 46 qol vurub. Aleksandr İspaniyada çıxış edən dünyanın ən yaxşı futbolçuları – portuqaliyalı Kriştianu Ronaldo (“Real”, 32 oyuna 40 qol) ilə argentinalı Lionel Messini (“Barselona”, 31 oyuna 31 qol) qabaqlayır.

İlk “onluğ”u hazırda Premyer Liqamızın iştirakçısı olan Georgi Bogyu qapayır. Cari mövsümdən AZAL-da oynayan moldovalı hücumçu ötən mövsüm vətənində bombardir olub. Belə ki, Georgi “təyyarəçilər”ə gəldiyi “Milsami” klubunda oynadığı vaxtda – 2010/11 mövsümündə 31 oyuna 26 qol vurub.

Qeyd edək ki, siyahıya ən azı 20 qol vuran futbolçular düşdüyündən, ötən mövsüm 17 qolla Premyer Liqamızın bombardiri olan “Qarabağ”ın gürcü hücumçusu Georgi Adamiya kənarda qalıb.