Emin Quliyev: Məni axtaran yoxdur, ürəyim doludur
22.12.2011 - 15:47
Emin Quliyev: Məni axtaran yoxdur, ürəyim doludur
“Futbolla qurtarmışam. Məşqçi olmaq istəyirəm. B kateqoriyalı məşqçi kurslarına qatılacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyev deyib.

Vaxtilə iddialı klubların formasını geyinən Quliyev ötən il aşağı dəstədə “Abşeron”un formasını geyinsə də, sonradan karyerasını bitirmək qərarına gəldi. Yaşla əlaqədar butsları mıxdan asan futbolçu indi özünü məşqçi kimi sınamaq niyyətindədir: “Hələlik hansısa klub deməyib ki, gəl bizdə məşqçi işlə. Kursları bitirək, görək, necə olacaq. Uşaq futbolu və ya böyüklərlə, fərqi yoxdur, təki iş olsun”.

Premyer Liqa oyunlarını da izləyən Quliyev əvvəlki intriqadan əsər-əlamət qalmadığını, legionerlərin səviyyəsinin istənilən kimi olmadığını qeyd edib: “Fikrimcə, əvvəlki illərlə müqayisədə nəsə çatmır. Ola bilsin, səviyyəli legionerlərin də azlığı öz sözünü deyir. Amma Flavinyo, Parks və Nasimovu bəyənirəm. Onlar özlərini yaxşı tərəfdən göstərməyi bacarırlar”.

Quliyev özünə qarşı biganəliyə də toxunub: “Klublardan məni axtaran yoxdur. Ürəyim doludur, boşaltmaq istəmirəm. Özümüzə qiymət verməyi bacarmırıq və ya vermək istəmirik”.