“Bunu əvvəl açıqlamamışdım, indi deyirəm”
23.12.2011 - 00:01
“Bunu əvvəl açıqlamamışdım, indi deyirəm”
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçərin apasport.az saytına müsahibəsi

- “Bakı” üzərində 3:0 hesabı ilə qalib gəlməyiniz diqqəti çəkən oldu. Vaxtilə bu komandanı çalışdırdığınızdan, rəqibi yaxşı tanımağınız belə nəticə qazanmağınıza imkan verdi, yoxsa?
- Bəli, mən “Bakı”nı yaxşı tanıyıram. Ancaq heyətində bir sıra mövqelərdə dəyişiklər olub. Buna misal olaraq, müdafiənin mərkəzini, sağını, orta sahəni göstərə bilərəm. Ona görə, tam olaraq mən çalışdırdığım komanda deyildi. “Bakı”nın əvvəlki oyunlarını izlədik, yaxşı təhlil etdik. Rəqibin çatışmazlıqlarını müəyyənləşdirdik və bundan istifadə edib, belə böyük hesablı qələbə qazandıq.

- “Bakı” rəhbərliyi haqqınızda yüksək fikirdədir, məşqçilik bacarığınızı yaxşı sayır. Onlarla Lənkərandakı oyun zamanı görüşdünüzmü?
- “Bakı” Azərbaycanda çalışdığım ilk klub kimi tarixə düşdü. Orada xoş günlər keçirdim, çempionatın gümüş medalını, Azərbaycan kubokunu qazandım. Mən “Bakı”dan xoşluqla ayrılmışdım. Nə mənim onlarla, nə də onların mənimlə problemim olub. Bir-birimizdən incikliyimiz olmayıb ki, narazı qalaq. Ona görə “Bakı” rəhbərliyi ilə xoş münasibətlərim qalıb, bunadək də mehribancasına söhbətləşmişik. Vitse-prezident Zeynal Məmmədovun da haqqımda xoş sözlər deməyindən xəbərim var.

- Məmmədov bu barədə saytımıza müsahibəsində fikir bildirmişdi...
- Bəli, bu haqda oxudum. Sadəcə, həmin vaxt mövsüm bitəndən sonra yollarımızı ayırmalı olduq və mən vətənimə qayıtdım.

- “Bakı”nı çalışdırdığınız vaxtda 2009/10 mövsümünün son turunda Lənkəranda qalib gəlib, indiki komandanızı çempionluqdan məhrum etdiniz. Bundan bir həftə sonra “Xəzər Lənkəran”a Azərbaycan kubokunun finalında qalib gəldiniz. Bundan sonra Lənkəranda işləmək sizdə sıxıntı yaratmadı?
- Yox. Biz peşəkar məşqçilərik. Bu gün bir komanda, sabah digərində yer ala bilərik. O vaxt “Bakı”da, indi “Xəzər Lənkəran”dayam. Bunlar normal şeylərdir.

- Siz “Xəzər Lənkəran”ı 3 oyunda çalışdıraraq, 7 xal qazandınız. İşinizdən nə dərəcədə razı qaldınız?
- Nəticəmizi yaxşı saymaq olar. Mən komandaya gələndə, 7-9 xal qazanmağı planlaşdırmışdım. Bunu əvvəl açıqlamamışdım, indi deyirəm. Sonda 7 xal qazandıq ki, bu da mənim üçün qənaətbəxş oldu. “Qarabağ”la qolsuz bərabərliyə qaldıq. “Kəpəz”ə 4:1, “Bakı”ya 3:0 hesabı ilə qalib gəldik.

- Siz heyətdə bir sıra dəyişiklərə əl atdınız. Mərkəz müdafiəçisi olan albaniyalı Elvin Beçirini əsas heyətə qaytardınız. Bunadək həmin mövqedə oynayan rumıniyalı Andrey Mureşanı isə əsl mövqeyi olan dayaq yarımmüdafiəçisi kimi oynatdınız. Nəticədə bu, daha yaxşı effekt verdi...
- Hər məşqçinin öz düşüncəsi, futbola baxışı var. Bunlar iş prinsiplərinə görə bir-birindən fərqlənir. Mənim heyətlə bağlı düşüncələrim belə idi və onu ilk gündən reallaşdırdım.

- “Xəzər Lənkəran”ın çempionluq, kuboku qazanmaq şansını necə qiymətləndirirsiniz?
- Çempionluğa şansımız realdır. Niyə də olmasın? Turnir cədvəlində 3-cü yerdəyik, liderlə 2 xallıq fərq var. Hər 2 cəbhədə sona kimi mübarizə aparacağıq.

- Qış fasiləsində hazırlıq planları haqda nə deyə bilərsiniz?
- Bu haqda bir qədər sonra açıqlama verərik. “Xəzər Lənkəran”da baş məşqçi kimi çalışdığım qısa müddətdə bütün diqqətimi bu il üçün qalan 3 oyuna yönəltdim. Həmin vaxt hazırlıq planları haqda düşünmədim. Yaxın günlərdə buna aydınlıq gətirəcəyik.

- Rəqiblərinizdən müəyyənləşən varmı?
- Təbii ki, bir neçə yoxlama oyunumuz olacaq. Ancaq hələ rəqiblərə aydınlıq gətirməmişik.

- Türkiyədə hazırlıq keçəcəyiniz məlumdur. Yəqin ki, oranın doğma məmləkətiniz olmağı işinizə daha yaxşı yarayacaq və özünüzü daha rahat hiss edəcəksiniz...
- Həm Azərbaycan, həm də Türkiyə mənim üçün doğma məmləkətdir. Hər iki ölkəni sevirəm və özümü rahat hiss edirəm. Əsas yaxşı hazırlıq keçməkdir.

- Heyətdəki dəyişiklər haqda nə düşünürsünüz?
- Burada işlədiyim müddətdə bu haqda düşünmədim. Dediyim kimi, əsas fikrimi oyunlara yönəltmişdim.

- Hər halda, yeni transferləriniz olacaq...
- 15 günə 3 matç oynadıq. Həmin vaxt heyətdəki dəyişiklərlə bağlı düşünməyə vaxt yox idi. Son oyunumuz dünən oldu. Bu gündən qış fasiləsi ilə bağlı planlarımız, görəcəyimiz işlər haqda düşünməyə başlayacağıq.

- Bəs hansı mövqelərin gücləndirilməyi haqda düşünmüsünüz?
- İndidən başlayaraq bu haqda düşünəcəyik. Bunadək keçirdiyimiz matçlarda nəticə qazanmaq haqda fikirləşməli idik. Oyunlar artıq arxada qalıb, fevrala kimi fasilə var. Bundan sonra oturub, heyət, hazırlıqla bağlı məsələləri müzakirə edib, müəyyənləşdirdiyimiz plana uyğun hərəkət edəcəyik.

Mehman SÜLEYMANOV