“Qəbələ”də daha bir istefa
23.12.2011 - 17:55
“Qəbələ”də daha bir istefa
“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik olacaq. Apasport.az-ın məlumatına görə, baş menecer Zaur Əzizov klubunun rəsmi saytına açıqlamasında türkiyəli baş məşqçi Fatih Kavlakın istəyinə əsasən daha bir məşqçi ilə anlaşacaqlarını bildirib: “Yaxın günlərdə bu barədə məlumat verəcəyik. Eyni zamanda, komandamızda fəaliyyət göstərən iki ingilis fizioterapevtdən biri olan Nikolas Cenkinson da sonuncu matçdan öncə istefa ərizəsini kluba təqdim etdi. Yəqin ki, bu vəzifəyə yerli mütəxəssislərdən birini cəlb edəcəyik. Toni Adamsın gedişindən sonra komandamız Fatih Kavlaka etibar olunub və ən azı bu mövsümün sonuna qədər türkiyəli mütəxəssis baş məşqçi postunda qalacaq. Təbii ki, futbolda nəticələr əsas tutulduğundan, komandanın gələcək planları məhz bu mövsümün yekunlarına əsasən müəyyən olunacaq”.

Əzizov noyabrın ortasında istefa verən ingilis sabiq baş məşqçiləri Toni Adamsın “Qəbələ”də hansısa vəzifə tutacağı barədə yayılan məlumatlara belə münasibət bildirib: “Adams baş məşqçi postunu tərk etsə də, onunla mütəmadi olaraq əlaqə saxlayırıq. Hazırda ölkəsində istirahətdədir. Yeni ilin ilk günlərində klubda gələcək fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gəlməlidir. Əgər komandamızda işini davam etdirsə, konkret hansı vəzifə tutacağı yalnız müzakirələrdən sonra bəlli olacaq. Təbii ki, istənilən klubda Toni Adams kimi nüfuzlu futbol adamına ehtiyac var”.

“Qəbələ” Fil Dişi Sahilindən olan hücumçusu Serje Cehua ilə yollarını ayırandan sonra ön xətt oyunçusuna ehtiyac duyur. Baş menecer bu yöndə çalışmalara başlayaraq, 1-2 legioner almağı planlaşdıqlarını və toplanışın ilk gününə qədər məsələni bitirməyə çalışacaqlarını bildirib.

Qeyd edək ki, “Qəbələ” yanvarın 19-dan fevralın 4-ə qədər Antalyadakı toplanışı zamanı ən azı 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Qazaxıstanın "Atırau" və Ukraynanın "Krivbass" klubları ilk matçlarda rəqiblər ola bilər. Son oyun fevralın 3-ə planlaşdırılıb.