Əsgər Abdullayev: Tovuzda futbol məktəbi yoxdur - MÜSAHİBƏ
26.12.2011 - 14:24
Əsgər Abdullayev: Tovuzda futbol məktəbi yoxdur - MÜSAHİBƏ
“Turan” klubunun baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi

- Mövsümün gedişində komandada xoşagəlməz hadisələr baş verdi. Məşqə, oyunlara çıxmamaq adi hala çevrilmişdi. Mövcud vəziyyət barədə hansı fikirdəsiniz?
- Mənə elə gəlir ki, bütün bunlar hamısı maliyyə məsələsi ilə əlaqədardır. 5-6 ay ərzində 3 dəfə komanda formalaşdırdıq. Hər halda, bu müddət ərzində yeni komanda qurmaq istər-istəməz çox çətindir. İnanıram ki, qarşıdakı günlərdə bu problemlər aradan götürüləcək.

- Digər komandalarla müqayisədə komandanı istirahətə buraxmamısınız. Bunun səbəbi nədir?
- Tez başlamağın səbəbləri var. Böyük klubların əksəriyyəti hardasa oyunçu seçimini ediblər, hazırlıq planlarını müəyyənləşdiriblər. Amma bu gün bizə 1-2 deyil, 6-7 futbolçu lazımdır. İstedadlıları tapıb, üzə çıxarmaq lazımdır. Onlar mütləq oynamalıdırlar. Düzdür, bir neçəsi əsas heyətdə çıxış edirlər. Amma yenə də rəqabət yaratmaq lazımdır. Bütün bu işləri həyata keçirməyi vacib sayıram. Sözsüz, yenə dediyim kimi, hər işin əvvəli və sonu maliyyə ilə bağlıdır.

- “Turan”ın bu gününə nə ad vermək olar?
- Biz “uğursuz zolağ”a düşmüşdük. Sözsüz ki, həyatda hər bir sahədə eniş və yüksəliş qaçılmazdır. Biz eniş dövrünü yaşadıq, keçdik. Həyatın o biri üzünü də görməliyik. Yəni, bu komandanın yüksəlişi də olmalıdır.

- Hazırlığa tez başlamaq, seleksiya işi aparmaq, gələcəyə ümidlə baxmağa sizə hansı stimul kömək edir?
- Biz 1-2 oyun keçirib, seleksiya işləri aparacağıq. 1-2 nəfər də qənimətdir. Əvəzedici heyətdə və yeni gələn futbolçulara baxmaq istəyirəm. Onlara istirahət də verəcəyəm. Komandanı ayın 30-da istirahətə buraxacağam. Onsuz da yaxşı tanıdığım təcrübəli futbolçuları bu oyunlara cəlb etməmişəm. Yeni ildən isə başqa komandaların oyunçularına baxmaq, onları dəvət etməyi düşünürəm. Hazırda əsas önəmli məsələ seleksiya işi aparmaqdır. Başqa klublardan daha çox oyunçuya ehtiyacım var. Çünki həll olunası problemlərimiz çoxdur.

- Bu qədər qalmaqaldan sonra ümidiniz var ki, hansısa futbolçu “Turan”ın xeyrinə seçim edə?
- Azərbaycanda futbolun bir neçə özəyi var ki, bunlardan biri də Tovuzdadır. Belə bir bölgəyə niyə də gəlməsinlər? Tovuzda böyük futbolçular yetişib. Hazırda Azərbaycanın əsas və aşağı yaş qruplarında bu rayonda yetişən futbolçular çıxış edir. Eyni zamanda, iddialı klublarda da tovuzlular var.

- Amma siz də etiraf edirsiniz ki, hər şey maddi vəziyyətdən asılıdır. Bu faktdır ki, bu gün “Turan”da normal maliyyədən söhbət gedə bilməz. Siz nəyə ümid edib, belə danışırsınız?
- Bu, başqa məsələdir. Amma prezidentlə söhbətimiz zamanı bu problemlərin aradan qaldırılacağına inanıram.

- Tovuza getdiyinizə görə sizi qınayanlar, eləcə də, dəstəkləyənlər var. Zaman seçiminizdə sizə düz, yoxsa səhv olduğunuzu göstərib?
- Nüfuzuma zərbə vurdu - vurmadı məsələsini bir kənara qoyaq. Hər bir insanda uğurlu və uğursuz günlər olur. Fikirləşirəm ki, bugünkü vəziyyət mənim işimə görə yaranmayıb. Əgər maliyyə vəziyyəti yaxşı olsaydı, biz “Turan”ı axırıncı yerdə deyil, ilk “altılıq”da görəcəkdik. Çünki özünəinamı olan komanda startda 4 oyundan 6 xal toplamışdı. Təəssüf ki, maliyyə vəziyyəti sonradan 11-12 futbolçunu bizdən ayrı saldı. Əgər futbolçu yoxdursa, komanda nə vəziyyətdə olar? Uğursuzluğu mənimlə əlaqələndirməməlidirlər. Günahkar yalnız maliyyədir. Dəvət edib, güvəndiyim futbolçuların getməsi təsir göstərdi. Gedənləri də başa düşürəm. Hərənin öz ailəsi, problemləri var. Özünüz fikirləşin, mən hər oyuna bir heyətlə çıxırdım. Necə olmalıdır? Ancaq 1-2 matçda normal heyətlə mübarizə aparmışam. Özünüz də yaxşı bilirsiniz ki, mən çox problemlərlə rastlaşdım. Özümü sığortalamaq istəmirəm. Əslində, haqqı danışıram, haqq belədir.

- Mövcud vəziyyətdə düşərgəni tərk edən futbolçular müxtəlif açıqlamalar veriblər. Ümumən belə nəticəyə gəlmək olar ki, “Turan”da fikir birliyi olmayıb. Pul verilməyəcəyi halda, geri qayıtmayacağıq deyənlər, yenidən oyunlara çıxıblar. Sözlə əməlin üst-üstə düşməməsinə necə izah verə bilərsiniz?
- Mən bu barədə danışmaq istəmirəm. Əgər aramızda belə söhbətlər olubsa, elə bizim aramızda da həll olunmalı idi. Mən belə görmüşəm, belə bilirəm.

- Siz “Turan”ın, eləcə də Tovuz futbolunun gələcəyini necə görürsünüz?
- Belə deyək. Çoxları deyir ki, Tovuzda futbol məktəbi var. Yəqin ki, sözlərimə görə, məndən inciməzlər: Tovuzda futbol məktəbi yoxdur. Orada belə bir şəraitə rast gəlməmişəm. Amma Tovuzda istedadlı uşaqlar çoxdur. Onların üzə çıxması, peşəkar futbolçular kimi yetişməsi üçüm yaxşı məktəbə ehtiyac var. Məncə, istedadlar çox olan bir şəhər Premyer Liqadan kənarda qala bilməz.