Almaniyalı futbolçu milli komandamızı seçdi
26.12.2011 - 16:30
Almaniyalı futbolçu milli komandamızı seçdi
Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Cem Fələk Azərbaycan yığmasında oynayacaq. Bu haqda apasport.az saytına futbolçunun atası Vural Fələk məlumat verib.

Onun sözlərinə görə, 15 yaşlı oğlu Təbriz Həsənovun baş məşqçisi olduğu U-17-də çıxış etmək istəyir: “Cem Türkiyə yığmasına cəlb olunurdu, amma bir problem çıxmasa, Azərbaycan millisində oynayacaq. Qərarımızı eksklüziv olaraq sizə açıqlayırıq, heç Türkiyə mətbuatının bundan xəbəri yoxdur. Təbriz Həsənov Almaniyaya gəlmişdi. Onunla Frankfurt şəhərində görüşdük. 1 həftə Cemin məşqlərini izlədi və onu çox bəyəndi. Həsənov Cemi rəhbərlik etdiyi 17 yaşlılardan ibarət yığmada oynatmaq istədiyini söylədi. Sonra oğlumla söhbətləşdi. Cem də Təbriz bəyi çox bəyəndi. Əslində, bizim ailəliklə Azərbaycana böyük sevgimiz var. Bunu Həsənov da gördü. Oğlum sevə-sevə Azərbaycan yığmasında oynayacağını deyib”.

Milliyətcə türk olan hücumameylli yarımmüdafiəçi yetirməsi olduğu “Ayntraxt”ın U-16-da oynayırdı. Ata Fələk oğlunun artıq Frankfurt təmsilçisinin U-17-nə yüksəldildiyini və onun heyətində 2 oyunda meydana çıxdığını bildirib: “Oğluma yığmada oynamağı üçün Azərbaycan pasportu veriləcək. Bu üzdən Yeni ildə Cemlə birlikdə Bakıya gəlib, lazımı sənədləşdirmə işlərini həll edəcəyik. Bununla da, ikili vətəndaşlığımız olacağıq. Oğlumun hazırda alman pasportu var, ikinci vətəndaşlığı Azərbaycan olacaq. Təbriz bəy Almaniyadan Bakıya qayıtdıqdan sonra AFFA-nın baş katibi ilə görüşdüyünü və müsbət cavab aldığını bizlərə dedi. Bu qərarımızın hamımıza xeyirli, uğurlu olmasını diləyirəm”.

Qeyd edək ki, oyun qurucusu mövqeyində çıxış edən Cemin gələn ilin mayın 15-də 16 yaşı tamam olacaq.

Mehman SÜLEYMANOV