“Simurq” daha 2 futbolçuya qapını göstərdi
26.12.2011 - 17:04
“Simurq” daha 2 futbolçuya qapını göstərdi
Qış fasiləsinin ilk günündə 4 futbolçu ilə yollarını ayıran “Simurq” “təmizləmə əməliyyatı”nı davam etdirir. Apasport.az saytının xəbərinə görə, Zaqatala təmsilçisi daha 2 futbolçusu ilə yollarını ayırıb.

Klubun idman direktoru Vaqif Əliyev əməkdaşımıza bildirib ki, baş məşqçi Sergey Yuran “Neftçi” ilə matçda buraxdığı səhvdən sonra Adnan Hodziçi göndərməyin tərəfdarıdır. 26 yaşlı xorvatiyalı qapıçı transferə çıxarılıb. Onu heyətinə qatmaq istəyən klub mütləq “Simurq” rəhbərliyinin razılığını almalıdır.

Qeyd edək ki, xorvatiyalı qapıçının yayda “Turan”a keçəcəyi gündəmdə idi. Hətta Tovuz təmsilçisi ilə ilkin anlaşma imzaladığı da deyilən Hodziç “Simurq”un elitada qalacağı dəqiqləşdikdən sonra arxada qalan 18 turu Zaqatala təmsilçisinin heyətində keçirib. Digər futbolçu isə Anar Həsənlidir. Etimadı doğrultmayan futbolçuya özünə yeni komanda tapmaq tapşırılıb.