“Xəzər Lənkəran” 2011-ci ili necə başa vurdu?
26.12.2011 - 17:12
“Xəzər Lənkəran” 2011-ci ili necə başa vurdu?
Ötən həftə keçirilmiş oyunla “Xəzər Lənkəran” 2011-ci ilin geridə qoydu. Artıq ilin yekunlarına nəzər salmaq olar. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, başa çatmaqda olan ildə “Xəzər Lənkəran” 39 rəsmi oyunda qüvvəsini sınadı. Bu oyunların 31-i Premyer Liqa, 6-sı Azərbaycan Kuboku və 2-si Avropa Liqası çərçivəsində baş tutub.

39 matçda komanda 17 dəfə qalib gəlib, 16 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. Bu görüşlərdə ən çox qeydə alınan nəticə “1:1” hesabıdır. Lənkəran təmsilçisi il ərzində düz 8 dəfə 1 qol və 1 xalla meydandan ayrılmalı olub.

Komandanın 6 məğlubiyyətindən biri Azərbaycan Kubokunda, biri isə Avropa Liqasında baş tutub. İlk halda məğlubiyyətə rəğmən növbəti mərhələyə adlaya bilmişdilərsə, qitə yarışında belə olmayıb.

Qalan 4 məğlubiyyət isə çempionat oyunlarına aiddir. Bu 4 oyunun heç birində “Xəzər Lənkəran” qol vura bilməyib. Başqa sözlə, onlar 2011-ci ildə qol vurduqları çempionat oyunlarında məğlub olmayıblar.

39 oyunda komanda 54 dəfə rəqib qapısına yol tapıb. Öz qapısında isə 35 qol görüb. Bu il “Xəzər Lənkəran” 15 “quru oyun” keçirməyə müvəffəq olub. Bu oyunların hamısında qapını Kamran Ağayev qoruyub.

Komanda 2011-də 20 dəfə evdə, 18 dəfə səfərdə, 1 dəfə isə neytral meydanda oyun keçirib.

İl ərzində “Xəzər Lənkəran”ın ən çox qarşılaşdığı komandalar “Bakı” və “Neftçi”dir. Bu rəqiblərin hərəsi ilə klub 6 dəfə üz-üzə gəlib. “Bakı”ya 3 oyunda qalib gəldikləri halda, 2 heç-heçə edib, 1 görüşdə məğlub olublar. “Neftçi” isə 2 dəfə məğlub edilib, 3 dəfə bu komanda ilə heç-heçə qeydə alınıb, 1 oyunda da komanda məğlub olub.

2011-ci ildə üzərində ən çox qələbə qazanılan komandalar AZAL və “Bakı”dır. Hər iki komanda ayrı-ayrılıqda 3 dəfə “Xəzər Lənkəran”la oyunlardan məğlub ayrılıblar.

Nəhayət, 2011-ci il “Xəzər Lənkəran” üçün titulla yadda qaldı. Son dəfə 2008-də Azərbaycan Kubokunu əldə etmiş komanda 3 illik fasilədən sonra aktivinə daha bir trofey yazdı. Mayın 24-də oyunsonrası penaltilər seriyasında “İnter”i məğlub edən komanda tarixində üçüncü dəfə Kuboka sahib çıxdı. Həmçinin, bu il Premyer Liqanın gümüş medallarını da əldə etdi.