Mirbağır İsayev: Bizim bədbəxtçiliyimiz ondadır ki...
26.12.2011 - 18:31
Mirbağır İsayev: Bizim bədbəxtçiliyimiz ondadır ki...
“Kəpəz”in baş məşqçisi postundan istefa verən Mirbağır İsayevin köməkçilərinin hamısı komandadan gedib. Bu barədə apasport.az saytına açıqlama verən İsayev Gəncə klubuna gətirdiyi Ceyhun Tanrıverdiyev, Rüfət Quliyev və qapıçılarla işləyən Faiq Əzizovun onun kimi addım atdığını bildirib.

37 yaşlı çalışdırıcının sözlərinə görə, həmkarlarının getməyini istəməyib: “Köməkçilərimin hər biri ilə söhbətim oldu. Onlara dedim ki, heç kimin çörəyinə bais ola bilmərəm, buna ixtiyarım da yoxdur. Komandada qalmaq istəyirsinizsə, öz işinizdir. Ancaq köməkçilərimin hamısı dedilər ki, düz fikirləşirsiniz, sizi dəstəkləyirik, biz də gedirik. Mənə Gəncədən azarkeşlərdən, fan-klublar zəng edib, çox dəstəkləyirlər. Ancaq klub rəhbərliyindən zəng olmayıb, bunu gözləmirəm də”.

Məlum olduğu kimi, artıq Gəncə klubu yeni baş məşqçi məsələsinə aydınlıq gətirərək, bu postda dəfələrlə çalışmış Fuad İsmayılovla növbəti işbirliyinə üstünlük verib. İsayevi onun yerinə kimin gətiriləcəyi maraqlandırmırmış: “İstənilən halda, Fuad İsmayılova uğurlar arzulayıram. Mən “Kəpəz”in azarkeşlərinə dedim ki, sizin üçün kimin baş məşqçi olmağı fərq etməməlidir. Siz həmişə “Kəpəz”i dəstəkləməlisiniz. Mənim öz prinsiplərim var və həmişə buna sadiq qalacağam. Heç vaxt prinsiplərimdən əl çəkmərəm. İsmayılovun mənim kimi prinsipial olub-olmayacağına gəlincə, bu, məni maraqlandırmır. Mən əsas özümə cavabdehlik daşıyıram”.

Azərbaycan reallığında belədir ki, məşqçilərimiz bir komandadan çıxanda, yenisini tapmaqda çətinlik çəkir və uzun müddət işsiz qalırlar. Buna görə də onlar işlərini itirməmək üçün çalışdıqları yerdən möhkəm “yapışırlar”. Ancaq İsayevə prinsipiallığını göstərməyi, komandadan çıxardığı ehtiyat qapıçı Tural Abbaszadəni rəhbərliyin qaytarmağını qəbul etməyərək, istefa verməyi üstün tutmağı ona uzun müddət kənarda qalmağı bahasına başa gələ bilər.

Maraqlıdır, 37 yaşlı çalışdırıcının bu hərəkətindən sonra klublar ona daha çox maraq göstərəcək, yoxsa ondan üz çevirəcəklər? “Mən bunu deyə bilmərəm. Qapını açan Allahdır. Bizim bədbəxtliyimiz elə ondadır ki, işimizi itirməkdən qorxaraq, sözümüzü deməkdən çəkinirik. Mən heç vaxt iş axtarmamışam, özümü reklam etməmişəm. Mən 1-2, 10 il də işsiz qala bilərəm. 10 ildən sonra yenidən işləsəm də, öz prinsiplərinə sadiq qalacağam. Belə olmağım ondan irəli gəlir ki, mən çox mütaliə edirəm. Baş məşqçi sırf puldan kənar olmalıdır. Pula rəhbərlik cavabdehlik daşıyır. Baş məşqçi klublara böyük sərmayə qoyanların pulunu havayı sovurmamalıdır. Mənə lazım olan futbolçuların siyahısını rəhbərliyə təqdim edirəm. Onların transferinə görə nə qədər pul xərclənəcək, havayı olacaqmı – artıq bu, məni maraqlandırmır”.

İsayevin fikrincə, uğursuzluğa görə futbolçuları yox, baş məşqçini günahlandırmaq lazımdır: “Məğlubiyyətə görə futbolçuya “gözün üstündə qaşın var” demək olmaz. Rəhbərlik nəticəni baş məşqçidən tələb etməlidir. O da futbolçu ilə prinsip aparmamalıdır. Mən həmişə belə olmuşam, işlədiyim futbolçulardan bunu soruşa bilərsiniz. Həmişə ilk növbədə peşəkarlığa üstünlük vermişəm. Mən Turalla prinsip aparmır, sadəcə, ona düzgün yol göstərdim. Futbolçu 1000 yox, lap 5000 manat alsın. Məni qiymət maraqlandırmır. Halal xoşu olsun, əziyyət çəkir. Sadəcə, hər futbolçunun öz qiyməti var və o, əsas komandaya layiqli olmalıdır. Abbaszadə qaytarılandan sonra postumda qalsaydım, digər futbolçuların qarşısına hörmətim olmayacaqdı, onların gözünə dik baxa, heç nə tələb edə bilməyəcəkdim. Bu, təkcə yox, çıxardığım bütün 11 futbolçuya aiddir”.

Mehman SÜLEYMANOV