“Yəqin ki, Foqts məni səhlənkar hesab edib...” – MÜSAHİBƏ
27.12.2011 - 12:00
“Yəqin ki, Foqts məni səhlənkar hesab edib...” – MÜSAHİBƏ
“Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmovun apasport.az saytına müsahibəsi

- Başa çatmaqda olan 2011-ci ili kapitanı olduğunuz komanda üçün necə dəyərləndirirsiniz?
- “Bakı” klubu bazasının açılışını məhz bu il etdi. İl ərzində yaxşı qələbələrimiz də olub. Amma bəzi oyunlar bizim üçün üzücü hesabla nəticələnib. Məsələn, “Xəzər Lənkəran”a ilin son matçı. Böyük hesabla uduzduğumuz görüşdə bir neçə futbolçu zədə səbəbindən meydana çıxa bilmirdi, bir neçəsi zədəli-zədəli oynayırdı. Zədələr bizi çox geri atdı.

- “Bakı” qeyri-sabit çıxışına görə tənqid olunur. Sizcə, sabit olmağınıza maneçilik törədən nədir?
- Ən başlıcası odur ki, heyətimiz yenidən quruldu. Yeni komplektləşən komandanın bir-birinə uyğunlaşması üçün vaxt lazımdır. Biz getdikcə daha yaxşı oynamağa başladıq. Amma bəzi məqamlarda zədə amili buna təsirini göstərdi.

- Komandanız son vaxtlar baş məşqçilərini çox tez-tez dəyişir. Bəlkə sizə çətinlik yaradan da məhz budur?
- İnanmıram. Məşqçilər korpusunda işini bilən adamlar cəmləşiblər. Rəhbərlik isə bizə həqiqətən də yaxşı qayğı göstərir. Məncə, bu diqqət və qayğının, bu cür maliyyənin qarşılığında indiki nəticə heç nədir. Ümidvaram ki, 2012-ci il bizim üçün uğurlu alınacaq.

- Sizə irəli böyük ümidlə baxmağa stimul verən qüvvə hansıdır?
- Məncə, hər bir insan gələcəyə ümidlə baxmalıdır ki, həvəsli olsun. Əlbəttə, mənə stimul verən məqamlar var. Çünki heyət artıq müəyyən vaxtdır bir yerdə çıxış edir. Futbolçular arasında uyğunlaşma yaxşı gedir.

- “Bakı”nın futbolçularında sanki bir qələbədən sonra arxayınlaşma yaranır. Belə ki, komandanız adətən ardıcıl qələbələrə imza ata bilmir. Bunun səbəbi nədir?
- Bu seriya həmişə müşahidə olunmur. Amma bu da faktdır ki, bəzən ardıcıl qalib gələ bilmirik. Başlıca səbəb zədədir. Təsəvvür edin, baş məşqçi heyəti müəyyənləşdirir, bir müddətdən sonra zədələr başlayır və planlar pozulur. Yeni heyət qurmaq üçün isə baş məşqçiyə müəyyən qədər vaxt lazımdır.

- Hansı futbolçunu komanda yoldaşınız kimi görmək istəyərdiniz?
- (fikirləşir). Doğurdan da, çətin sual oldu. Qoy, bunu cavabsız qoyum. Düzdür, kimisə düşünə bilərəm. Amma bununla heç nə düzəlmir. Komandaya hansı futbolçunun gəlməsinə klub rəhbərliyi və baş məşqçi Aleksandr Starkov qərar verir.

- Bəs bu il hansı futbolçudan yaxşı oyun gözləsəniz də, arzularınızı puça çıxardı?
- “Bakı” klubunun futbolçularına zədələr mane oldu. Əgər zədəlilərimizin sayı bu qədər çox olmasaydı, biz indi daha üst pillələrdə idik.

- 2011-ci ili şəxsi planda necə dəyərləndirə bilərsiniz?
- Əgər komanda ciddi uğur qazana bilməyibsə, deməli, il mənim üçün də uğursuz alınıb. Erməni işğalında olan torpaqlarımızın azad olunmasını arzulayırdım. Amma olmadı. İnşallah, gələn il təkcə mənim deyil, bütün vətəndaşlarımızın arzuları həyata keçər.

- Klubla müqavilənizin müddətini artırdığınız barədə yayılan xəbərlər düzdürmü?
- Hələlik “Bakı”nın üzvüyəm. Nə qədər ehtiyac duysalar, o qədər də oynamağa hazıram. Bu komandanın ürəyimdə xüsusi yeri olduğundan, müqaviləyə ciddi bir önəmi qalmır.

- Bir qədər də milli komanda barədə danışaq. İddialı bir klubda kapitan sarğısını daşısanız da, millidəki çıxışınızla fəxr edə bilməzsiniz. Kənarda qalmağınız nə ilə bağlıdır?
- Düzü, Berti Foqts məni millinin toplanışına dəvət etmişdi. Amma həmin vaxt zədələnmişdim. Həkimlər də bildirdilər ki, bu vəziyyətdə oynamaq mümkün deyil. Bəlkə də, Foqts buna görə məndən inciyib. Amma bunu bilərəkdən etməmişəm. Həkimlər də şahiddir. Foqts yəqin ki, barəmdə başqa düşüncədədir. Mənim problemim olmasa, heç vaxt özümü o yerə qoymaram. Bunu hər kəs bilir.

- Bu mövzuda Foqtsla danışmaq o qədərmi çətin idi?
- Hadisə çoxdan olub. Yəqin məhz belə düşündüyünə, məni səhlənkar hesab etdiyinə görə, milliyə bir daha çağırmadı. Sizin vasitənizlə bildirmək istəyirəm ki, heç vaxt belə hərəkət etmərəm. Əgər səhv qəbul olunubsa, istəyirəm mənimlə bağlı fikirlərini dəyişsin. Çünki milli komandanın formasını geyinmək istəyirəm. Bu, hər bir azərbaycanlı kimi mənim də ən böyük arzularımdan biridir. İnanıram ki, gələcəkdə arzuma çatacağam.