Baçana Sxadadze: Ən yaxşı seçilməyim sürpriz oldu
27.12.2011 - 12:04
Baçana Sxadadze: Ən yaxşı seçilməyim sürpriz oldu
“Komandamızın meneceri Səbuhi Səfiyarlı dünən mənə zəng etmişdi. Dedi ki, dekabr ayının ən yaxşı futbolçusu seçilmisən. Əvvəl məni təbrik, sonra da bu gün təşkil olunacaq mükafatlandırma mərasiminə dəvət etdi. Ancaq təəssüf ki, gələ bilməyəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter” klubunun futbolçusu Baçana Sxadadze deyib.

Dekabrın ən yaxşı futbolçusu seçilən 24 yaşlı hücumçu bu gün “Hilton” otelində keçiriləcək mükafatlandırma mərasimində iştirak etməli olsa da, toplantıya qatılmayacaq. Hazırda vətənində, Tiflisdə olan Baçana Bakıya gələ bilməyəcəyinə belə izah verdi: “Çünki ailə üzvlərim – həyat yoldaşım və oğlum xəstələnib. Bu üzdən heç cür gələ bilməcəyəm. Çox təəssüf ki, bu mükafatı şəxsən ala bilməyəcəyəm. Ancaq ümid edirəm ki, bu, sonuncu olmayacaq və növbəti mükafatları qazanıb, bunu şəxsən alacağam”.

“Apasport” ayın ən yaxşı futbolçusu ilə bağlı keçirilən sorğuda Sxadadzeyə səs verib. Futbolçu isə bundan xəbərdar olduğunu vurğulayıb: “Dünən axşam saytınızda gedən yazını oxumuşam. Bu etimada görə sizə “çox sağ olun” deyirəm. Dekabrın ən yaxşı futbolçusu olacağını gözləyirdimmi? Düzünü desəm, dəqiq deyə bilmirəm. Bu haqda fikirləşmirdim. Açığı, ən yaxşı futbolçu seçilməyim mənim üçün xoş sürpriz oldu”.

Mehman SÜLEYMANOV