“Dmitri Kramarenko bizdə oynamağa razıdır və onu birdəfəlik alacağıq”
27.12.2011 - 16:17
“Dmitri Kramarenko bizdə oynamağa razıdır və onu birdəfəlik alacağıq”
“Dmitri Kramarenkonun komandamıza keçidi gündəmdədir. Artıq onun ilkin razılığını almışıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib.

Zaqatala təmsilçisi son il yarımda əsas qapıçısı olan Adnan Hodziçlə qış fasiləsi başlayan kimi yollarını ayırdı. Komanda cari mövsümdə zəif çıxışına görə narazı qaldığı xorvatiyalı qapıçıya əvəzləyici tapıb. “Simurq” “İnter”in növbəti futbolçusuna dəvət göndərib ki, bu da təcrübəli qapıçı Dmitri Kramarenkodur.

Əliyevin sözlərinə görə, Kramarenkonu digər futbolçulardan fərqli icarəyə götürmək istəmirlər: “Kramarenkonun namizədliyi haqda baş məşqçimiz Sergey Yuranla prezidentimiz arasında söhbət olub. Hər halda, bu qapıçı bizə xeyir verə bilər. Çox güman, Dimanı birdəfəlik transfer edəcəyik. Onunla söhbətimiz olub. Kramarenko “Simurq”da oynamağa razıdır. Keçidin qapıçının müqavilə ilə məxsus olduğu “İnter”lə həll edilməyi hələ açıqdır”.

“Simurq” rəsmisi 37 yaşlı Kramarenkonun təcrübəsinə güvənir: “Bu, xüsusilə qapıçı üçün çox vacibdir. Dima xeyli vaxtdır oynamasa da, təcrübəsi hesabına bunu sığortalaya bilər. Onun inamlı çıxışı hər zaman göz qabağında olub. Kramarenkonun keçidini həll etsək, bizimlə yanvarın 14-də Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Ehtiyat qapıçımız Fuad Əhmədov qalır və başqa mövqelərə yeni futbolçular almağı nəzərdə tutmuşuq. Bunlar arasında 1-2 legioner olacaq”.

Qeyd edək ki, Kramarenko 2009-cu ildən “İnter”dən şərəfini qoruyur.

Mehman SÜLEYMANOV