“Bakı”nın Starkov problemi
28.12.2011 - 00:05
“Bakı”nın Starkov problemi
“Bildiyiniz kimi, bizim "Böyük "Bakı" - 2012" lahiyəmiz var. Mən özüm-özümə sual verdim, biz artıq bu layihə çərçivəsində qarşımıza qoyulan məqsədlərdən birini reallaşdırmağa - avrokubokda qrup mərhələsinə vəsiqə qazanmağa çox yaxınıq. Eyni zamanda uşaq futboluna böyük diqqət ayırırıq. İnanın mənə, 2012-14-cü illərdə həmin uşaqlar çox yüksək səviyyəyə çatacaqlar. Həmin vaxt məhz o uşaqların sayəsində Avropada uğur qazanacağıq" - bu sözləri təxminən 2 il yarım öncə, Avroliqada "Bazel"lə cavab matçı ərəfəsində "Bakı"nın prezidenti Hafiz Məmmədov demişdi.

Aradan artıq 2 il yarım keçib və "Böyük "Bakı" - 2012"nin tərkib hissələrindən olan avrokubokda qrup mərhələsinə vəsiqə qazanmaq planı hələ də kağız üzərində qalıb. Üstəlik, "zolaqlılar" son 2 mövsümdə biabırçılıqla üzləşiblər.

Əvvəlcə, Vinfred Şaferin rəhbərlik etdiyi komandaya Joel Epalle məsələsinə görə texniki məğlubiyyət verildi. Sonuncu mövsümdə isə Aleksandr Starkov ümumiyyətlə, "zolaqlılar" üçün avrokuboka vəsiqəni təmin edə bilmədi. "Bakı" latviyalının başçılığı altında həm çempionatda, həm də kubokda uğursuzluğa düçar oldu. Bu isə o deməkdi ki, "Bakı"nın qarşısına qoyduğu məqsədə çatmaq üçün bircə şansı qalıb. 2011/12 mövsümü paytaxt klubu üçün sonuncu həmlə olacaq. Amma reallıq budu ki, "zolaqlılar" üçün avrokuboka vəsiqə qazanmaq çox zor olacaq.

Bir məşqçi kimi tükənməkdə olan Starkovun gücü yalnız zəif rəqiblərə çatır. Latviyalı mütəxəssisin ölkəmizdə işlədiyi ilk mövsümündə bunun şahidi olduq. Təsəvvür edin, "Bakı" sonuncu çempionatın final mərhələsində cəmi 1 qələbə qazana bildi. AZAL-ı 2:1 hesabı ilə üstələyən "zolaqlılar" digər 9 matçın 5-də məğlub oldular, 4 görüşdən isə "sülh"lə ayrıldılar.

Paytaxt klubunun bossları rəhbərlik etdiyi kollektiv güclü rəqiblər önündə aciz qaldığı üçün qışda baş məşqçi postuna gətirdikləri Starkovu qova bilərdi. Lakin ona öz komandasını formalaşdırmaq üçün vaxt verməyi üstün tutular və hər cür şərait yaratdılar. "Bakı" ilə paralel ölkəsinin yığma komandasına da rəhbərlik edən əcnəbi çalışdırıcı transfer baxımından da sıxıntı çəkmədi. Klub rəhbərliyi başda Maris Verpakovski olmaqla, istədiyi futbolçuları onun üçün aldı. Elə məhz bu səbəbdən də mövsümün əvvəlində bir çoxları "Bakı"ya əsas favorit gözü ilə baxırdı. Ümumi fikir belə idi ki, "zolaqlılar" qızıl medal uğrunda mübarizə aparan kollektivlərin başında duracaq.

Ehtimallar özünü doğrultmadı. Turnir cədvəlinə nəzər salanda görürük ki, "Bakı" hazırda 5-ci pillədə qərarlaşıb. Üstəlik, ötən mövsümün final mərhələsində olduğu kimi, Starkovun komandası yenə də güclü rəqiblərlə bacarmır. Onun rəhbərlik etdiyi kollektiv iddialılara qarşı keçirdiyi oyunlarda həm zəif təsir bağışlayıb, həm də uğursuz nəticələr əldə edib.

Təsəvvür edin, "Bakı" ilk "altılıq"da qərarlaşan komandalardan yalnız "Qəbələ"ni üstələyə bilib (2:1). "İnter"lə səfər matçındakı 3 xalı isə məlum səbəblərdən "bankirlər"ə texniki məğlubiyyət verildiyinə görə hesabına yazıb.
"Bakı"nın hazırda ilk "altılıq"da qərarlaşmasının səbəbi zəif rəqiblərlə duellərdə nadir hallarda xal itkisi ilə üzləşməsidi. Paytaxt klubu yalnız özündən heyət baxımından qat-qat zəif komandalar önündə "şirə dönür". Hövbə güclülərə çatanda isə...
"Bakı"nın dərdi bircə nəticə qazana bilməmək olsaydı, yenə də nəyəsə ümid etməyə dəyərdi. İş ondadı ki, Starkovun komandasının ortaya qoyduğu futbol əldə olunan nəticələrdən də bərbaddı. "Zolaqlılar"ın oyunlarını izləyəndə sözün əsl mənasında adam əzab çəkir. Starkovun futbol fəlsəfəsinin nədən ibarət olduğunu, komandasına necə bir oyun oynatmaq istədiyini anlamaq müşkül məsələdi. Hazırkı "Bakı"nın sərgilədiyi futbolla məhəllə futbolu arasında kəskin bir fərq yoxdu.

Komandaya yüksək səviyyədə şərait yaradan, baş məşqçinin istədiyi futbolçuları transfer edən rəhbərliyin Starkovdan nəticə tələb etməyə haqqı var. Açığı, bu komandadan ancaq çempionluq tələb etmək lazımdı. Amma indiki vəziyyət belədi ki, gərək real şeylər istəyəsən.

"Bakı"nın mövsümü qızıl medallarla başa vurması zor görünür. Hər halda, "Heftçi", "İnter" və "Xəzər-Lənkəran" bu baxımdan daha şanslıdı. "Zolaqlılar" ən yaxşı halda, ilk "üçlüy"ə düşməyə ümid edə bilərlər ki, bu da çətin məsələdi. Çünki hazırkı "Bakı" turnir cədvəlində yuxarıda adlarını çəkdiyim komandaları qabaqlayacaq səviyyədə deyil. Üstəlik, hələ "Qarabağ" da var. Ağdamlılar da çempionatı medalçılar sırasında bitirməkdə israrlıdılar. İndi vəziyyət elə gətirib ki, "Bakı"nın çempionatda uğur qazanıb, avrokuboka vəsiqə qazanmaq şansı elə də böyük deyil. Ona görə də Starkovun ölkə kubokunu qazanmaqdan başqa çıxış yolu yoxdu. Lakin güclü rəqiblər önündə aciz qalan bir komanda bunu bacara biləcəkmi?

"Bakı" hazırda iddialı rəqiblərin kölgəsində qalsa da, potensialına söz ola bilməz. Amma futbolda baş məşqçi amili daha önəmlidi. Starkov isə "Bakı"nın dərdinə məlhəm olacaq, komandaya uğur qazandıracaq adam olmadığını çoxdan isbatlayıb. Əslində, klub rəhbərliyi onu IV turda "Kəpəz"ə 0:3 hesabı məğlubiyyətdən sonra qovmalı idi. Lakin hələ də gec deyil. Ziyanın yarısından da qayıtmaq xeyirdi.

ŞAMO
Ekspressfutbol qəzeti