Vaqif Sadıqov Moskvadan qərar gözləyir
28.12.2011 - 12:00
Vaqif Sadıqov Moskvadan qərar gözləyir
Həmyerlimiz Vaqif Sadıqovun “Anji” klubundakı gələcək taleyinə Moskvada aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin yeni baş məşqçisi Yuri Krasnojan komandaya yanvarın 8-də Rusiya paytaxtında rəsmən təqdim olunacaq.

Futbolçular orada 2 gün tibbi müayinədən keçdikdən sonra 10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ilk təlim-məşq toplanışına yollanacaqlar.

Krasnojan səfərə kimi məşqçilər korpusunu müəyyənləşdirəcək. Orada yeni köməkçilərin olacağı gözlənilir. Rus həmkarlarımız Krasnojanın təyinatla bağlı rəsmi açıqlamalardan hələlik yan qaçdığını bildirir.

Təcrübəli mütəxəssis sabah Moskvada “Anji”nin rəhbərliyi ilə görüşərək, çempionatın son mərhələsinə hazırlıq planlarını və operativ məsələləri müzakirə edəcək.

Qeyd edək ki, bu ilin yanvarından “Anji”də həmin vaxt baş məşqçi olan Hacı Hacıyevin dəvəti ilə böyük məşqçi işləyən Sadıqovun cari mövsümün sonuna, gələn yaya kimi müqaviləsi var.