Səssiz-səmirsiz getdi, səs-küylə qayıdır
28.12.2011 - 14:09
Səssiz-səmirsiz getdi, səs-küylə qayıdır
“Kəpəz”in yeni prezidentinin kim olacağı əsas müzakirə mövzularından birinə çevrilib. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisinə başçılıq edəcək şəxslə bağlı 2 versiya səsləndirilir.

Belə ki, Elmir Əliyev istefaya göndəriləndən sonra klubun şəhər rəhbərliyinə, icra başçısı Elmar Vəliyevin sərəncamına veriləcəyi deyilir. O, özünə yaxın olan, məsləhət bildiyi şəxsi prezident təyin edəcək.

Bu halda, “Kəpəz”in yeni baş məşqçisinin Yunis Hüseynov olacağı daha real görünür. Hər halda, xeyli vaxtdır işsiz olan Hüseynov əslən Gəncədəndir, futbola “Kəpəz”də başlayıb, orada yekun vurub. Ən əsası, 46 yaşlı mütəxəssis Vəliyevin yaxşı tanıdığı, etimad göstərdiyi insanlardandır. Belə ki, o, Yevlax İcra Hakimiyyətinin başçısı olanda, Hüseynovun bu şəhərin təmsilçisi “Karvan”ın baş məşqçisi kimi işi uğurlu alınıb.

Ancaq “Kəpəz”də yenidən Mehman Allahverdiyev erası da başlaya bilər. 51 yaşlı mütəxəssis bu ilin martından noyabrına kimi yenidən baş məşqçi postunda yer aldı. Ötən ayın ortalarında istefa verərək, səssiz-səmirsiz postundan gedən Allahverdiyevin Elmir Əliyevin “Kəpəz”in prezidenti postundan qovulmasından sonra komandaya qayıdacağı haqda xəbərlər yayılıb. Hətta deyilənə görə, ən titullu məşqçilərimizdən biri doğma klubunun prezidenti olmaq istəyir.

Özü də Allahverdiyevin funksioner kimi də təcrübəsi var. Belə ki, o, Gəncə Regional Futbol Federasiyasında sədri Xanlar Fətiyevin müavini işləyib. Allahverdiyev 2005/06 mövsümündə isə “Kəpəz”in adını dəyişdirdiyi “Gəncə”nin vitse-prezidenti olub.