Elnur Əşrəfoğlu: Mən efirdə dediyim sözlərin arxasında dururam
28.12.2011 - 16:44
Elnur Əşrəfoğlu: Mən efirdə dediyim sözlərin arxasında dururam
“Bilmirəm, haqqımda danışanlar “Qol” proqramında “Kəpəz”dəki vəziyyət və rəhbərləri haqda dediklərimə qulaq asıblar, ya yox. Ancaq mən nə dediyimi yaxşı bilirəm. Demişəm ki, Gəncə Azərbaycan futbolunun Məkkəsidir. Futbolumuzun bütün qaymaqları, futbolumuza gəlib-getmiş əksər ulduzlar bu şəhərdə yetişiblər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Space” Televiziyasının İdman Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib.

“Kəpəz”in fəaliyyətini dayandırmağı ilə bağlı xəbərin şok effekti yaratmağından sonra Əşrəfoğlunun da adı hallanmağa başladı. Belə ki, klubun prezidenti Elmir Əliyev və gəncəli azarkeşlər tanınmış jurnalistin efirdən səsləndirdiyi bəzi fikirlərdən narazıdırlar.

Ünvanına deyilən sözlərlə barışmayan Əşrəfoğlu kimisə ləkələmək, kiminsə ünvanına pis fikirlər səsləndirmək məqsədinin olmadığını bildirib. O, çoxları kimi “Kəpəz”in çıxışını davam etdirməyində maraqlıdır: “Kim istəyər ki, “Kəpəz” dağılsın? Əksinə, Gəncədə futbolu yaşatmaq lazımdır. Həmin verilişdə komandanın baş məşqçisi postundan istefa verən Mirbağır İsayev qonağımız idi, fikirlərini bildirdi. Sadəcə, “Kəpəz” rəhbərliyi İsayevin iddiaları qarşısında tab gətirməyərək, Tural Abbaszadənin qaytarmaqla bağlı bir bəhanə tapıb, baş məşqçinin istefa verməsinə şərait yaratdılar. O da baş verənlərdən sonra qətiyyətlə Gəncəyə qayıdışının mümkün olmadığını dedi”.

Departament rəhbəri həmin proqramdan sonra ona çoxsaylı zənglər olduğunu söyləyib. Əşrəfoğlunun sözlərinə görə, gəncəlilər “Kəpəz”dəki problemlərinin qabardılmağını dəstəkləyiblər: “Gəncədən yüzlərlə insan, o cümlədən, Mehman Allahverdiyev, Arzu Mirzəyev mənə zəng edib, fikirlərimə görə minnətdarlıq etdilər. Biz vəziyyətin düzəlməyi üçün bunları edirik. Ümumiyyətlə, Azərbaycanın hər bölgəsində, Mingəçevirdə, Masallıda futbolun olmağını istəyirik. Həmişə sözümə başlayanda deyirəm ki, bu, mənim şəxsi fikrimdir. Qorxaq kimi orda-burda danışmaq lazım deyil. Telefon nömrəmi həmin gəncəlilərdən öyrənə, özümə zəng edə, sözlərini deyə bilərdilər. Mən efirdə dediyim sözlərin arxasında dururam. Həmin insanların - azarkeş, fan-klub rəhbərinin, Əliyev və Fətiyevin fikirləri varsa, buyursunlar, verilişimizə, efirdən sözlərini deyə bilərlər. Biz teledebat qurmağa hazırıq”.

Mehman SÜLEYMANOV