Zaur Ramazanov: Özüm kimi futbolçu axtarıram
29.12.2011 - 00:03
Zaur Ramazanov: Özüm kimi futbolçu axtarıram
“Klubun seleksiyaçı məşqçisi kimi işimi davam etdirirəm. Hamı istirahət etsə də, mən işləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun seleksiyaçı məşqçisi Zaur Ramazanov deyib.

O bildirib ki, bəyəndiyi bəzi futbolçular var ki, onların adlarını yaxın zamanlarda rəhbərliyə təqdim edəcək: “Hələlik adlarını açıqlamaq istəmirəm. Çünki adların çəkəndə, qoltuqlarının altı tez şişir. Əsas məsələ odur ki, həmin futbolçu gələcəkdə komandaya xeyir verə bilsin. Axtarışlar gedir. Mənim işim yerli futbolçularladır. Yaş həddi 15-22 yaş arasındadır. Qarşıma məqsəd qoyulmayıb ki, mütləq bu qədər futbolçu gətirməlisən. Nə vaxt istedadlı oyunçu tapsam, kluba təqdim edəcəyəm”.

Ramazanov hesab edir ki, zənni onu aldada bilməz: “Mən yeniyetmə futbolçuya, gənc oyunçuya baxanda bilirəm ki, onun qabında nə var. Hansısa disk, videoyazı məni aldada bilər. Amma öz gözlərim məni aldada bilməz. Hərəkətli futbolçular tapmaq lazımdır”.

Cənub klubunun heyətində müxtəlif baş məşqçilərin rəhbərliyi altında oynayan Zaur Ramazanov daha çox hücumameyilli oyunçuların axtarışındadır. O, özü tipdə, eyni zamanda Mahmud Qurbanov kimi düşünən futbolçunu cənub təmsilçisinə qazandırmaq istədiyini bildirib: “Özüm kimi futbolçu axtarıram. Onu görən kimi bəyənərəm. Çünki adam hər şeyi özündə olduğu səviyyədə görmək istəyir. Eyni zamanda, Mahmud kimi oyunçu tapsam, tərəddüd etmərəm”.

Qeyd edək ki, Zaur Ramazanov karyerasına “Xəzər Lənkəran”da son qoyub. O, bir müddət sonra prezident Mais Mənsimovun dəvəti ilə məşqçilər korpusuna cəlb olunub.