“Xəzər Lənkəran” milli komanda və Albaniya çempionuna qarşı
29.12.2011 - 13:31
“Xəzər Lənkəran” milli komanda və  Albaniya çempionuna qarşı

“Xəzər Lənkəran”ın Türkiyə toplanışı zamanı qarşılaşacağı komandaların bəzilərinin adı məlumdur. Apasport.az saytının məlumatına görə, Antalya hazırlıqlarında 5 yoxlama oyunu keçirmək niyyətində olan cənublular artıq 3 rəqiblə razılıq əldə ediblər.

Bunlar Türkmənistan milli komandası, 1993/94 mövsümünün Albaniya çempionu “Teuta” və həmyerlimiz Ramiz Məmmədovun bu ilin əvvəllərində çalışdırdığı Qazaxıstanın “Atırau” klublarıdır. “Xəzər Lənkəran”ın bu rəqiblərlə oyunları müvafiq olaraq yanvarın 21, 24 və 29-da baş tutacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın Antalya toplanışı 16 yanvar – 2 fevral tarixləri arasında olan müddəti əhatə edəcək. Komanda həmin zaman ərzində Bələkdə, beş ulduzlu “Spice Hotel & Spa” otelində məskunlaşacaq. Təlim-məşq toplanışı zamanı baş tutacaq 5 yoldaşlıq oyununun digər ikisi yanvarın 31-i və fevral 2-nə planlaşdırılıb.