“Sivasspor”da oynayıb, “Qəbələ”yə gəlir - EKSKLÜZİV
29.12.2011 - 14:15
“Sivasspor”da oynayıb, “Qəbələ”yə gəlir - EKSKLÜZİV
“Qəbələ”nin qış fasiləsində transfer etmək istədiyi əcnəbi hücumçunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Serj Cehua ilə əməkdaşlığı pozan əyalət təmsilçisi onun əvəzinə heyətə başqa futbolçunu qatmaqda maraqlıdır.

Klub rəsmiləri baş məşqçi Fatih Kavlakın istəyi əsasında Türkiyə Superliqası komandalarından birinin futbolçusu ilə danışıq apardıqlarını təsdiqləsələr də, məsələ həll olunmadığından ad açıqlamaq istəmirlər.

Əldə etdiyimiz məlumata görə, “Qəbələ” “Mersin İdman Yurdu”nun şərəfini qoruyan Yannik Kamananı transfer etmək istəyir. İlkin danışıqlar aparılan Afrika əsilli fransalı hücumçu ilə yaxın günlərdə müqaviləyə imza atılacaq. Karyerası ərzində İngiltərədə “Tottenhem”, Fransada “Strasburq”, “Dijon”, “Ayaçço”, İsraildə Təl-Əviv “Makkabi”si kimi klubların heyətində çıxış etmiş Yannik son 3 ili Türkiyə Superliqasında keçirib və bu müddət ərzində “Sivasspor”un (2,5 mövsümə 40 oyuna 15 qol) və “Mersin İdman Yurdu”nun (8 oyun) heyətində çıxış edib.

Yayda Kamanan “Sivasspor”dan Mersin təmsilçisinə qoşulsa da, burda da işləri qaydasında getməyib. Türkiyə Superliqasının ilk dövrəsində 8 dəfə (2 dəfə əsas heyətdə) meydana çıxan 30 yaşlı forvard qol vura bilməyib. Bu üzdən Mersin təmsilçisi də onunla yolları ayırmaq haqda düşünür. Belədə “Qəbələ”nin baş məşqçisi Fatih Kavlakın Yannikə maraq göstərməsi lap yerinə düşüb.

Qeyd edək ki, bu, son 2 ildə “Qəbələ”nin Türkiyə klublarından transfer edəcəyi 4-cü futbolçu olacaq. Buna kimi Toni Adamsın dövründə syerra-leoneli Alhassan Banqura (“Mersin İdman Yurdu”), seneqallı Viktor Mendi (“Bucaspor”) və Fil Dişi Sahillinin nümayəndəsi Serj Cehua (“Antalyaspor”) “Qəbələ” ilə müqavilə imzalamışdılar.

Həmin futbolçulardan yalnız Mendi komandanın heyətində çıxışını davam etdirir. 30 yaşlı hücumçu Premyer Liqanın qışadək olan hissəsində 15 oyunda 3 qol vurmaqla yadda qalıb.