“Boretsin yaşı çoxdur, Ramim isə son vaxtlar zədədən əziyyət çəkir”
29.12.2011 - 14:23
“Boretsin yaşı çoxdur, Ramim isə son vaxtlar zədədən əziyyət çəkir”
“Komandamızdan gedəcək futbolçuları baş məşqçi Aleksandr Starkov müəyyənləşdirir. O, bununla bağlı siyahını hələlik bizə təqdim etməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov deyib.

Qış fasiləsində heyətdəki dəyişiklərə diqqət yetirəcək “zolaqlılar” “təmizləmə işləri”ni görəcək.

Məmmədovun sözlərinə görə, az oynayan yaşlı legionerlərlə yollarını ayırmaqları mümkündür: “Gedən-gələn futbolçularla bağlı Starkovla danışacağam. Bundan sonra dəqiq açıqlama verə bilərəm. Ancaq komandamızdan gedən, onların əvəzinə transfer edəcəyimiz futbolçular olacaq. Ola bilər ki, yarımmüdafiəçilər Vadim Boretslə Fabio Luis Ramimlə yollarımızı ayırdıq. Cari mövsümdə əsas heyətdən kənarda qalan Boretsin yaşı çoxdur. Ramim isə son vaxtlar zədədən çox əziyyət çəkir. Elə olur ki, 1 oyun oynayır, 5 oyun yox. Ancaq dediyim kimi, baş məşqçi ilə söhbət edib, heyətimizdəki dəyişikləri dəqiqləşdirəcəyik”.

Qeyd edək ki, 35 yaşlı moldovalı Borets və milliləşdirilərək yığmamıza da cəlb olunan 30 yaşlı braziliyalı Ramim 2008-ci ilin yayından “Bakı”dan çıxış edirlər.