“Hakimlər Komitəsi Xanlar Fətiyevin səsləndirdiyi fikirləri araşdırmalıdır”
29.12.2011 - 16:18
“Hakimlər Komitəsi Xanlar Fətiyevin səsləndirdiyi fikirləri araşdırmalıdır”
“Mövsümün ortasında hansısa komandanın çempionatı tərk etməsi yaxşı hal deyil. Onu da nəzərə almaq lazımdır ki, Gəncə 5 ilə yaxın idi böyük futbolsuz qalmışdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.

Milli Məclisin də üzvü olan Əliyev “Kəpəz”in fəaliyyətini dayandırmağı xəbərini təəssüflə qarşılayıb.

O, Azərbaycanın ikinci ən böyük şəhərində futbolun bərpa olunmağında Gəncə Regional Futbol Federasiyasının sədri Xanlar Fətiyevin əməyini xüsusilə qeyd edib: “Onu qeyd etmək lazımdır ki, Gəncəyə böyük futbolun qayıdışında Xanlar Fətiyevin xüsusi xidmətləri var. Bildiyiniz kimi, həmin vaxt “Gəncə” adlanan klub fəaliyyətini bərpa edəndən sonra əvvəl I divizionda oynadı, 1 il sonra Premyer Liqada çıxış etdi. Xanlar müəllim Gəncə futbolunun inkişafı üçün hər zaman maddi dəstəyini göstərib”.

I vitse-prezidenti Fətiyevin mətbuatda hakimliklə bağlı tənqidi fikirlərinə və AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun buna cavabına da münasibətini bildirib. Onun sözlərinə görə, bu məsələdə mövqeləri HK-i müdafiə etmək məqsədinə yönəlməyib: “Mən ilk növbədə hər 2 tərəfə təmkinli olmağı arzu edərdim. Hakimlər Komitəsinin sədri Fətiyevin millət vəkili, futbolumuzun inkişafında xüsusi xidmətləri olan şəxs olmağını nəzərə almalı idi. Qurum səslənən fikirləri birgə araşdırıb, bunu inkişaf konsepsiyasında nəzərə almalıdır. Bununla edilən nöqsanlar aradan qaldırılıb, gələcəkdə təkrarlanmamalıdır”.

Mehman SÜLEYMANOV