“Bakı”: “Voyage”də 2, “Maxx Royal”da 4 oyun
29.12.2011 - 17:29
“Bakı”: “Voyage”də 2, “Maxx Royal”da 4 oyun
“Bakı” yanvarın 5-də hazırlığını bərpa edəcək. Apasport.az saytının məlumatına görə, həmin gün bir araya gələcək “zolaqlılar” 4 gün sonra Türkiyəyə yollanacaqlar.

Komanda yanvarın 20-dək Antalyada “Voyage” otelində məskunlaşacaq. Bu müddətdə 2 yoxlama oyunu keçirəcək paytaxt təmsilçisi yanvarın 14-də və 19-da meydana çıxacaq.

Rəqiblərlə ilkin razılıq əldə olunsa da, rəsmən təsdiqlənmədiyi üçün adları açıqlanmır. Toplanışın ilk mərhələsini yanvarın 20-də başa vuraraq vətənə qayıdacaq komanda 3 gün sonra yenidən Antalyaya yollanacaq.

İkinci hazırlıq mərhələsi 23 yanvar - 5 fevral tarixlərində “Maxx Royal” otelində olacaq. Bu müddətdə 4 yoldaşlıq görüşünün keçirilməyi planlaşdırılıb. Oyunların tarixi yanvarın 26-sı, 29-u, fevralın 1-i və 4-dür. Bütün matçların Bələkdə keçirilməyi nəzərdə tutulub. “Bakı” heyətini gücləndirmək məqsədilə təlim-məşq toplanışında yeni futbolçuları baxışdan keçirməyi gözlənilir. Fevralın 5-də Bakıya qayıdacaq komanda Premyer Liqada növbəti turun oyununa hazırlaşacaq.

Qeyd edək ki, “Bakı” qış fasiləsindən sonra ilk rəsmi oyununu fevralın 11-də evdə “Neftçi” ilə keçirəcək.