“Həmin mövqedə ilk dəfə idi oynayırdım”
29.12.2011 - 18:00
“Həmin mövqedə ilk dəfə idi oynayırdım”
AZAL klubunun futbolçusu Elşən Məmmədovun apasport.az saytına müsahibəsi.

- Rafiq Mirzəyev rəsmən komandanıza baş məşqçi təsdiq edildi. Onun haqda nə deyə bilərsiniz?
- Bu xəbəri dünən eşitdim. Hələ onunla söhbət etməmişəm. Amma zəng vurub, mütləq təbrik edəcəyəm.

- Bu təyinat komandada nəyi dəyişə bilər?
- Əsas problem odur ki, komanda sabit çıxış etmir. Səbəbini də izah edə bilmirik. Qarşıda kifayət qədər vaxt var. Heyətə yeni futbolçular dəvət olunacaq, eləcə də, yaxşı təlim-məşq toplanışı keçirəcəyik. Kimin komandadan kənarlaşdırılacağı hələ bilinmir. Buna yaxın 1 həftə ərzində aydınlıq gətiriləcək.

- Həqiqətən də qeyri-sabit çıxış edirsiniz. “Neftçi”yə 1:7 hesabı ilə uduzur, “Simurq” üzərində 5:1 hesablı qələbə qazanırsınız. Ardından da “Rəvan”a yenilirsiniz. Kənardan baxanda hərdən adama elə gəlir ki, futbolçular bilərəkdən oynamırlar...
- Kiminsə bilərəkdən oynamadığına inanmıram. Son turlar üstün olduğumuz halda, rəqib standart vəziyyətdən qollar vurub, qələbə qazandı. Adətən hesabı biz açdığımız oyunlarda məğlub olmuruq. Amma hansı görüşdə ki, birinci rəqib fərqlənir, sonradan üstünlüyü xeyrimizə çevirməyi bacarmırıq. Komandanın oyununda gərginlik yaranır.

- Belə çıxır ki, psixoloji hazırlıq lazımi səviyyədə deyil...
- Elə deməzdim. Amma fakt faktdır, siftəni biz edəndə, qələbə də bizim olur.

- Son 7 ayda 3 baş məşqçi dəyişikliyi oldu. Nazim Süleymanovun vaxtında komandaya cəlb edildiniz, sonra Elxan Abdullayevin rəhbərliyi altında oynadınız, indi isə Rafiq Mirzəyevin tapşırıqlarını yerinə yetirəcəksiniz. Onların iş üslubunu müqayisə edə bilərsinizmi?
- İstər oyunçu seçmək, istər oyun üslubu baxımından hər birinin öz xüsusiyyəti var. Hər məşqçi fərqli taktikadan istifadə edir. Futbolçular da həmin tapşırıqları yerinə yetirməyə çalışırlar. Bizim işimiz futbol oynamaqdır, baş məşqçiləri müqayisə etmək yox.

- Amma bu cür dəyişikliyin futbolçulara mənfi təsir göstərdiyi danılmaz faktdır.
- Hər biri fərqli metodlara üstünlük verir. Birinin bəyəndiyini digəri qəbul etmir. Fərqlər çoxdu. Hər yeniliyə uyğunlaşmaq üçünsə vaxt lazımdır.

- AZAL-ın ilk “altılığ”a düşmək şansı qalır. Reallığı nəzərə alsaq, bu, baş verəcəkmi?
- “Qəbələ” ilə 3 xal fərqimiz var. Biz 4 oyunun hamısında udmalı, “Qəbələ” isə bir görüşdə uduzmalıdır. Belə olsa, ilk “altılığ”a düşəcəyik. Bu, riyazi hesablamadır. Bizim evdə “Sumqayıt Şəhər” və “Turan”la, səfərdə isə “Xəzər Lənkəran” və “Qarabağ”la oyunlarımız qalıb. Ev oyunlarında mütləq qələbə qazanmalıyıq. Səfərdən də maksimum nəticə ilə dönməliyik. Çalışacağıq. Ötən il də son tura qədər mübarizə davam etdi. Şansımızdan bəhrələnməliyik.

- Öz çıxışınızı necə dəyərləndirirsiniz?
- Hücum xəttində oynayanda, qol imkanlarım çox olur və fərqlənməyə çalışıram. Amma yarımmüdafiədə oynayıram deyə, daha çox qol epizodu yaratmağa çalışıram. Etiraf edim ki, hər nə qədər ötürmə etsəm də, özüm də qol vurmağa çalışıram.

- Belə çıxır ki, meydanı qol vurmadan tərk edəndə üzgün olursunuz?
- Məhsuldar ötürmə verməyim də məqbuldur. Çünki vurulan qol komandanın uğuruna xidmət edəcək. Öz üzərimdə işləyirəm. İndi istirahət olsa da, məşq edirəm.

- 2011-ci il başa çatmaq üzrədir. İli necə xarakterizə edərdiniz?
- Başa çatmaqda olan 2011-ci il karyeramda uğurlu oldu. AZAL-a keçdim, yığma komandaya dəvət edildim. Belçika ilə matçda az da olsa, komandama kömək etdim. Türkiyəyə, eləcə də Albaniyaya qarşı matçlarda da milliyə xidmət etdim. İlk dəfə idi sağ cinah yarımmüdafiəçisi kimi çıxış edirdim. İndiyə qədər heç vaxt bu mövqedə oynamamışdım. Baş məşqçi burda güvənibsə, komandama kömək etməliyəm. Şəxsi həyatıma gəldikdə, ailə həyatı qurdum.

- Yeni ildən nə gözləyirsiniz?
- Əsas istəyimdən biri AZAL-ın ilk “altılığ”a düşməsidir. Bundan sonra digər istəklərimizi həyata keçirməyə çalışacağıq.

- Fasilədən istifadə edib, Yeni ili hansısa xarici ölkədə qarşılamağı düşünmürsünüz?
- Xeyr, Bakıda olacam.

- 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu gün futbolçularımız arasında həmrəylik varmı?
- Fürsətdən istifadə edib, hamını təbrik edirəm. Bəli, futbolçular arasında həmrəylik var.

- Hiss etmisiniz?
- Əlbəttə, tez-tez görüşürük. Elə insanlar var ki, artıq futboldan uzaqlaşıblar. Ancaq görürsən ki, yenə futbolla yaşayırlar. Görüşürük, ötənləri ayda salırıq. Gələcəkdə də karyeramı bitirdikdən sonra futbol təsərrüfatında çalışmaq istəyirəm.