“Mənsimovların qayğısını həmişə görmüşük”
30.12.2011 - 00:01
“Mənsimovların qayğısını həmişə görmüşük”
Azərbaycan yığmasında oynamağa razılıq verən almaniyalı futbolçu Cem Fələyin atası Vural Fələyin apasport.az saytına müsahibəsi

- Oğlunuzun millimizdə oynaması ilə bağlı qəti qərarınızı verdiniz. Bəs Cemin klub karyerasına aydınlıq gətirdinizmi? Bildiyimizə görə, Barselonaya səfərə hazırlaşırsınız...
- Elədir. “Barselona”dan bizə rəsmi dəvət var. Yanvarda İspaniyaya getməliyik. Oğlum Barselona futbol akademiyasında təhsil almalıdır. İspanlar Cemi xeyli vaxtdır istəyirlər. Katalonlar dedilər ki, yanvarın 5-6-da gələ bilərsiniz. İndi İspaniyaya getməyimiz lazımdır. Yayda getsək, gec olacaq. İspanlar indi gəlib, müqavilə imza atmağımızı istəyirlər.

- Neçə illik müqavilə təklif edirlər?
- Onlar 3-5, amma biz 2 illik müqavilə bağlamaq istəyirik. Çünki belə daha münasibdir. Cemin gələn ilin mayında 16, 2 il “Barselona”da qalandan sonra 18 yaşı olacaq və bundan sonra peşəkar səviyyədə rəsmi müqavilə imzalaya bilər. O vaxtadək Barselona futbol akademiyasında təhsil alıb, səviyyəsini qaldırmaq imkanına malikdir.

- Siz “Barselona”nın təklifini yayda dəyərləndirməli idiniz. Həmin vaxt bunu niyə etmədiniz?
- Doğrudur. Ancaq həmin dəvəti qışa saxladıq. Çünki Cem orta məktəbi hələ bitirməyib. İndi 10-cu sinifdə oxuyur.

- Oğlunuz “Ayntraxt”ın yetirməsi sayılır. Almanlar “Barselona” ilə müqavilə bağlamağa problem yaratmayacaq ki? Ümumiyyətlə, gələcəkdə başqa kluba keçidə görə kompensasiya istəməyəcəklər?
- Yox. Çünki Cem “Ayntraxt”dan pul almır. Komandada yer alan 24 futbolçudan yalnız oğlumun şərti fərqlidir. Almanlarla anlaşmamıza görə, başqa klubla müqavilə bağlamamızda sərbəstik. Biz “Ayntraxt”a illik müəyyən məbləğ ödəyirik. Həm də ora gedib-gəlmək bizə əlavə problem yaradır. Evimiz klubun bazasından uzaqdır. Həftənin 5 günü maşınla 60 km yol qət edirik.

- “Xəzər Lənkəran”ın himayədarı olan “Palmali” Şirkətlər Qrupu ilə 2010-cu ilin qışında imzaladığınız 2 illik müqavilə bitir. Yəqin ki, anlaşmanın müddətini uzadacaqsınız...
- Bəli. İlkin anlaşmamız bu ayın sonunda bitəcək. Yeni müqavilə ilə əlaqədar klubun vitse-prezidenti Tuyqun Nadirovla ilkin söhbətimiz oldu. İspaniyadan qayıdandan sonra yanvarın ortalarında Azərbaycana səfər etmək fikrindəyik.

- Yeni müqaviləniz də 2 illik olacaq?
- Yox, ən azı 3 illik. Nadirovla bu məsələni danışmışıq. Oğlumun hələ 16 yaşı tamam olmayıb. Bu yaşda böyük komandalarda oynaya bilməz. “Barselona”nın skautu ilə də belə danışmışıq ki, Cem orada 2 ildən sonra sərbəst futbolçu olacaq. İspanlar istəyir ki, oğlumla 4 illik müqavilə imzalayıb, sonradan onu satsın, transferindən qazanc götürsünlər. Ancaq “Xəzər Lənkəran”la anlaşmanı uzatmaqla, oğlumun transfer hüquqları ona məxsus olacaq. Lənkəranlılar Cem 18-19 yaşı olanda, onu özlərinin oynatmağına, yoxsa satmağına qərar verəcəklər. Onlar bu müddətdə oğlumun bütün xərclərini ödəyiblər. “Xəzər Lənkəran” rəhbərliyinin – Mübariz və Mais Mənsimov qardaşlarının qayğısını daim görmüşük. Onlar həmişə Cemə dəstək olurlar.

- Oğlunuzun meneceri kimdir?
- Əvvəl alman idi. Artıq onunla yollarımızı ayırmışıq. Cemin meneceri artıq azərbaycanlı İqbal Quliyevdir. O, bacarıqlı insandır, 7 dildə sərbəst danışır. O, oğlumun Azərbaycan yığmasında oynamasını çox istəyirdi. Cemin qərarını verməyində Quliyevin böyük rolu oldu.

Mehman SÜLEYMANOV