AFFA İran yığması ilə görüş üçün danışıqlara başladı
30.12.2011 - 12:04
AFFA İran yığması ilə görüş üçün danışıqlara başladı
Azərbaycan millisinin 2012-ci ildə ilk oyununu İran yığması ilə keçirmək variantı ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, AFFA komandamızın gələn ilin fevralın sonunda Dubaydakı təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirmək üçün İran Futbol Federasiyası ilə danışıqlar aparır.

Müzakirələrin nəticəsi haqda AFFA-nın rəsmi saytına məlumat yerləşdiriləcək. Fevralın 29-u FİFA-nın “pəncərəsi”ndə rəsmi tarixdə Suriya yığması ilə oynamaq variantımız olsa da, razılıq əldə edilməyib.

Qeyd edək ki, indiyədək İran yığması ilə bir neçə dəfə yoldaşlıq görüşü keçirən millimiz sonuncu matçını hazırkı baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında keçirib. 2008-ci ilin avqustunda Tehrandakı matç 0:1 hesablı məğlubiyyətimizlə nəticələnib.