“Torbamı tikmək istəyənin varlığına inanmaq istəmirəm”
01.01.2012 - 00:05
“Torbamı tikmək istəyənin varlığına inanmaq istəmirəm”
Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi müsahibəsi

- Öncə arxada qalan 2011-ci illə bağlı fikirlərinizi öyrənmək istərdik. Dovşan ili Maksimin həyatında necə iz buraxdı?
- Pis keçmədi. Uduzduğumuz, udduğumuz hadisələr oldu. Əjdaha ilində hər şeyin daha yaxşı olacağına ümid edirəm. Futbolçu kimi, daha çox uğur qazanmaq istəyirdim. Təəssüf ki, müəyyən səbəblərdən baş tutmadı. Yeni ildə daha çox qələbə qazanmağa çalışacağıq. Şəxsi həyatıma gəlincə, düzgün yolla getməyə çalışacağam. Bunu bacarsam, Allah məni hər şeyin yaxşısı ilə mükafatlandıracaq.

- Uduzduğunuz hadisələr deyərkən, nəyi nəzərdə tutursunuz?
- Bu, futbolla bağlıdır. Avropa Liqasında yenə 2 mərhələ adladıq. Yaxşı qələbələrimiz oldu. Ona görə uduzduq deyirəm ki, bu yarışda sona qədər gedə bilmədik. Həm də ona görə pis oldu deyirəm ki, zədə üzündən bir müddət meydandan kənarda qaldım. Nəticədə yığmadakı yerimi də itirdim. Bu da məni üzməyə bilməz.

- Bayram olduğu üçün indi ən çox Şaxta baba haqda danışılır. Ümumiyyətlə, Yeni ilin simvolları olan Şaxta baba və Qar qızla aranız necədir?
- Onu deyim ki, Azərbaycanda Yeni il bayramı elə də güclü, təmtəraqla qeyd edilmir. İnsanlarda bayram əhval-ruhiyyəsi yoxdur. Şəhərə çıxanda adamda elə təəssürat yaranır ki, sanki adi günlərdən birini yaşayırsan. Bu bayram Rusiyada, ərəb ölkələrində tam fərqli keçirilir. Biz uşaq olanda, Şaxta babanı səbirsizliklə gözləyirdik. Bilirdik ki, bizə hədiyyə gətirəcək. İndi böyüdüyümüzdən, başqa şeylər haqda düşünürük.

- Şaxta babadan nə vaxtsa nəsə istəmisiniz?
- Olub. Ürəyimizdə arzu tutmuşuq və Şaxta baba gələndə, bunun həyata keçəcəyinə inanmışıq. Uşaqlıq düşüncəsi olub. İndi bunu etsək, gülməli çıxar. Çünki artıq bilirik ki, Şaxta baba və Qar qız kimdir.

- Sizdən Şaxta baba olmağı xahiş ediblərmi?
- Baxçada olan vaxt əynimə Şaxta baba kostyumu geyinib gəzirdim.

- 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü arxada qaldı. Necə düşünürsünüz, həmkarlarınız arasında həmrəylik, birlik varmı?
- Əlbəttə, bayram günlərində dost-tanışı zəng vurub təbrik etmək, ehtiyacı olana ürək-dirək vermək lazımdır. Bu, insan kimi borcumuzdur.

- Bu sadaladıqların futbolçular arasında müşahidə edilirmi?
- Məncə, var. Pis gündə onlar bir yerə yığılmağı bacarırlar. Yaxşı olar ki, kiminsə torbası tikilməsin, paxılıq edilməsin.

- Nə vaxtsa sizin torbanızı tikmək istəyənlər olubmu?
- Nə bilim, bəlkə olub, bəlkə də yox. Açıq şəkildə üzə çıxanı görməmişəm. Mənim torbamı tikmək istəyənin varlığına inanmaq istəmirəm. Çünki tanıyanlar bilir ki, heç kimə qarşı pis olmamışam. Çalışmışam ki, hamıya yaxın, mehriban olum.

- Dincəlmək üçün nə əcəb xaricə üz tutmamısınız?
- Əksər futbolçularımız xaricə yollanıblar. Əvvəllər mən də gedirdim. Sadəcə, bir az problemlərim olduğu üçün bu dəfə gedə bilmədim.

- Yeni illə bağlı nə arzunuz var?
- Hamıya mehriban olmağı arzulayıram. Kimsə-kiminsə paxıllığını çəkməsin.