“Yığmada bilinmir ki, kim hansı işlə məşğuldur” - MÜSAHİBƏ
03.01.2012 - 00:05
“Yığmada bilinmir ki, kim hansı işlə məşğuldur” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının sabiq üzvü Samir Əliyevin apasport.az saytına müsahibəsi

- Artıq Azərbaycan klublarının bir qismi transfer çalışmalarına başlayıb. Maraqlıdır, bu müddət ərzində hansısa klubla danışıqlarınız olubmu?
- Yox. Oturmuşam evdə. Dəvət yoxdur, necə olacağını da bilmirəm.

- Vaxtilə iddialı klublarda oynamısız, transferiniz ölkədə ilin əlamətdar hadisəsi sayılırdı. Amma indi vəziyyət fərqlidir...
- Həyat belədir. Hər zaman eyni vəziyyətdə çıxış etmək də mümkün deyil. Yaş öz sözünü deyir.

- Amma sizin yaşıdlarınızdan iddialı klublarda oynayanlar var...
- Lap yaxşı. Onlara uğurlar arzulayıram. Oynayanlar, qoy, oynasınlar.

- Necə fikirləşirsiniz, klub seçimində səhvlərə yol verdiniz, yoxsa zədə sizi çox geri atdı...
- Mənim problemim zədələrlə bağlı olub. Bu səbəbdən 3-4 il normal futbol oynaya bilmədim. Ən son “Simurq”da 5-6 matçda meydana çıxdım.

- Belə vəziyyətdə nə düşünmək olar?
- Futbolla vidalaşıb məşqçilik kurslarına yazılmağı düşünürəm. AFFA-da nə vaxt kurslar olsa, yazılacağam. Bəlkə, gələcəkdə lazım oldu.

- Ümumiyyətlə, son hadisələr elə buna gətirirdi. Sanki futbola sönük yanaşırdınız. Bu barədə nə deyə bilərsiniz?
- O qədər əziyyət çəkirsən, axırda heç kimə lazım olmursan.

- Kimisə günahlandırmaq fikriniz var?
- Bu, normal bir şeydir. Futbolçu da insandır, yaşlanır. Cavan olanda hamıya lazımsan, bir qədər yaş artdıqdan sonra isə heç kimə.

- Bu, Azərbaycanda, yoxsa bütün dünyada belədir?
- Məncə, təkcə Azərbaycanda. Başqa yerlərdə belə şey yoxdur. Digər ölkələrdə yaşa baxmırlar. Bizdə yaşa baxdıqdan sonra heç hansı vəziyyətdə olduğunu da soruşmurlar. Bilmirlər ki, formadadır, formada deyil. Deyirlər ki, oynaya bilmir, futbolu qurtarıb.

- Azərbaycanla yanaşı, Ukraynada da oynamısınız. Bəlkə keçmiş klublarınızla bu və digər səpkili əməkdaşlıq edəsiniz. Bu barədə heç düşünmüsünüz?
- Bu yaşdan sonra hara gedim? Azərbaycanda məni çağırmırlarsa, Ukraynadan nə dəvət gözləyim? Lazım olsam, yada salarlar.

- Vaxtilə oynadığınız “İnter”, “Xəzər Lənkəran”, “Neftçi” indi də çempionluq uğrunda mübarizə aparırlar. Hansı komandanın şanslarını daha yüksək qiymətləndirirsiniz?
- Hələlik hamının şansı bərabərdir. Vaxtilə oynadığım komandalar arasında, onların iddialarında hər hansı bir ciddi fərq yoxdur.

- Bəs bu komandalardan hansının oyun tərzi daha yaxşı səviyyədədir?
- “Neftçi” yaxşı oynayır, “İnter” gözlənilməz nəticələr əldə edir, “Xəzər” isə sabit oynamır. Ümumiyyətlə, sabit oynayan komanda yoxdur. “Qarabağ” gözəl futbol nümayiş etdirsə də, gözlənilməz məğlubiyyətlərə uğrayır. Artıq bütün dünyada sabit komanda çox az qalıb. Bu da rəqabətin güclənməsindən xəbər verir.

- Azərbaycanda zaman-zaman güclü hücumçular yetişib. Bu ənənə davam edirmi?
- Yoxdursa, olacaq. Nə edək? Gözləyək, bəlkə yetişdilər.

- Bu legioner bolluğunda çox sayda yerli futbolçu yetişə bilərmi?
- Yaxşı futbolçu gec-tez üzə çıxır.

- Bunun mövcud vəziyyətlə heç bir əlaqəsi yoxdur?
- Şans yaratmaq lazımdır ki, potensialı olanlar üzə çıxsınlar. Elə futbolçu var ki, qısa zamanda özünü göstərə bilmir, itib-batır...

- Elə bir futbolçu olub ki, gözün görə-görə batıb?
- O qədər olub ki... Oyunçuya şərait lazımdır, ona özünəinamı aşılamaq vacibdir. İrəli getməsini təmin etmək zəruridir. Yoxsa, 1-2 oyunda zəif çıxış edən kimi, deyirsən, bundan futbolçu çıxmaz. Çox yanlış yanaşmadır. Sözsüz ki, biz də birdən-birə futbolçu olmamışıq. 5 oyun zəif çıxış edəndə, 5-də güclü oynamışıq.

- İddialı klublarla yanaşı, bir müddət milli komandamızda da çıxış etmisiniz. Kənardan baxanda, millidə vəziyyəti necə görürsünüz?
- Nə bilim? Yığmada heç bilinmir ki, kim hara qaçır, kim hansı işlə məşğuldur. Komanda qaçır, daim hərəkətdədir. Fiziki gücləri yaxşıdır, ancaq qaçırlar. Amma millidə taktiki sxem görmürəm. Foqts özündən nəsə etmir. Məşqçi işi görünmür. Tək qaçmaq hesabına oynamaq olmaz.