Serbiya yığmasının qapıçısı “Xəzər Lənkəran”a gəlir
03.01.2012 - 11:30
Serbiya yığmasının qapıçısı “Xəzər Lənkəran”a gəlir
Serbiya milli komandasının qapıçısı Vladimir Stoykoviç karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 29 yaşlı qolkiper “Xəzər Lənkəran”ın maraq dairəsinə düşüb. Vətənində “Partizan”ın şərəfini qoruyan Vladimirin transferi üçün yaxın günlərdə Belqrada rəsmi təklifin göndəriləcəyi gözlənilir.

Belə ki, klub rəhbərliyi neçə ildir axtardığı 2-ci səviyyəli qapıçının Stoykoviç olacağına inanır. Məsələ ondadır ki, neçə vaxtdır qapıda Kamran Ağayevlə rəqabət apara biləcək əcnəbi qolkiper axtaran “Xəzər Lənkəran”ın transferləri hər dəfə özübü doğrultmurdu. Nə Denis Romanov, nə də Yevgeni Kopil istəniləni verməmişdi.

“Srvena Zvezda”nın yetirməsi olan Stoykoviç vətənində “Leotar” və “Zemun”, Fransada “Nant”, İspaniyada “Xetafe”, İngiltərədə “Uiqan”, “Hollandiyada “Vitess”, Portuqaliyada “Sportinq”in şərəfini qoruyub. O, “Böyük beşlik” ölkələrindən Primerada 5, Premyer Liqada 4, Liqa 1-də 10 oyun keçirib.

Yığmada 38 oyun keçirən Vladimir DÇ-2006, DÇ-2010 və 2008-ci il Yay Olimpiadasında Serbiya millisinin şərəfini qoruyub. U-21-lər arasında AÇ-2004 və AÇ-2006-da çıxış etmiş qapıçı 8 il əvvəl yarışın gümüş mükafatçısı olub.

Qeyd edək ki, “Xəzər Lənkəran”a qədər Azərbaycanın daha 2 iddialı klubu “Neftçi” və “Qarabağ” da serbiyalı qapıçılara Saşa Stamenkoviç və Boyan Pavloviçə güvənir.