“Hesabı bərabərləşdirməyə dirəklər imkan vermədi”
16.01.2012 - 16:51
“Hesabı bərabərləşdirməyə dirəklər imkan vermədi”
“Oyuna yaxşı köklənmişdik. Xüsusən müdafiədə daha diqqətli olmalıydıq”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Özbəkistan milli komandasının baş məşqçisi Joze Maria Pazos Mendez deyib.

Bakı Beynəlxalq Futzal Turnirində Ukraynaya 1:2 hesabı ilə uduzan və yarışı sonuncu pillədə başa vuran asiyalıların braziliyalı çalışdırıcısı məğlubiyyətdə bəxtsizlikdən gileylənib: “Ukrayna yığmasının oyunlarını izləmişdik. Çox sürətli oynayırlar. İlk növbədə bunun qarşısını almalıydıq. Oyun ərzində yol verdiyimiz 2 səhv qolla nəticələndi. Hesabı bərabərləşdirməyə dirəklər imkan vermədi”.

Qeyd edək ki, Ukrayna futzalçıları bu oyundan öncə çempionluqlarını təmin etmişdilər.