Futbol kralı zirvədə
17.01.2012 - 11:02
Futbol kralı zirvədə
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatların güclülər dəstəsində 200 və daha çox qol vuran futbolçuların tam siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 318 ən məhsuldar oyunçusu yer alıb. İFFHS-in siyahısında Azərbaycan təmsilçilərinə yer tapılmayıb. Belə ki, futbolçularımızdan heç biri nə SSRİ çempionatlarında, nə də Azərbaycan birinciliklərində 200 qol həddinə çatıb.

318 nəfərlik cədvələ isə Futbol kralı Pele başçılıq edir. O, Braziliya və ABŞ çempionatlarında keçirdiyi 560 oyunda 541 qol vurub. Avstriya və Çexiya çempionatlarında çıxış edən Yozef Biscan braziliyalıdan az qol vursa da məhsuldarlığı göz oxşayır. Çexiyalı 341 oyunda 518 dəfə fərqlənib. Macar Ferents Puşkaş 533 qarşılaşmada 511 qol vurmağı bacarıb. O, buna Macarıstan və İspaniya çempionatlarında nail olub.

Türkiyənin ən məhsuldar futbolçusu Hakan Şükür isə siyahıda 86-cı yerdədir. Öz ölkəsi ilə yanaşı İtaliya və İngiltərədə oynamış hücumçu ümumilikdə 534 oyuna 268 qol vurub.