Yığmamız dünyanın 158-ci komandasına qarşı
17.01.2012 - 13:05
Yığmamız dünyanın 158-ci komandasına qarşı
Fevralın 29-da Azərbaycan milli komandası ilə qarşılaşacağı Fələstin yığması ilk rəsmi matçını 59 il əvvəl keçirib. Apasport.az saytının məlumatına görə, 1953-cü ildən beynəlxalq arenaya çıxan asiyalılar 59 il ərzində həm dünya, həm də qitədə ən zəiflər arasında olub. Bunun nəticəsidir ki, Fələstin millisi hazırda FİFA reytinqində 158-ci pillədə qərarlaşıb. Tarixi ərzində 115-ci yerdən yüksəyə qalxa bilməyən ərəblərin 191-ci pilləyə qədər yuvarlandığı vaxt da olub.

Cəmi 3 ay əvvəl İran yığmasına 0:7 hesabı ilə uduzan fələstinlilər tarixinin ilk oyununu da belə uduzmuşdu. Həmin vaxt Misir futbolçuları 8:1 hesabına sevinmişdi. Azərbaycan yığmasından fərqli 0:10, 0:8 uduzmayan rəqibimizin bəxti onda gətirib ki, Avropa nəhəngləri ilə üz-üzə gəlmir. Məhz bunun nəticəsidir ki, Quam adaları kimi zəif rəqiblə oynamaq imkanı əldə edən Fələstin hətta 11:0-a da sevinib.

4 dəfə dünya, eyni sayda Asiya çempionatının seçmə mərhələsinə qatılan rəqibimiz heç vaxt bu səddi adlaya bilməyib. Bundan başqa Ərəb Oyunları, Qərbi Asiya çempionatı, Çelenc kuboku yarışlarında da iştirak edən Fələstinin cəmi 1 uğuru var. Bu da 1999-cu ildə Ərəb oyunlarında qazanılan bürünc medallardır.

2 aydır ki, iordaniyalı Camal Mahmudun başçılıq etdiyi yığmada əsasən yerli klubların futbolçuları çıxış edir. Rəqibimizin İran, Misir və Səudiyyə Ərəbistanının hərəsində cəmi 1 legioneri var.