“Qəbələ”yə oynamağa gəlmişəm“ - MÜSAHİBƏ
17.01.2012 - 14:30
 “Qəbələ”yə oynamağa gəlmişəm“ - MÜSAHİBƏ
“Qəbələ” klubunun yeni transferi Elmar Baxşıyevin apasport.az saytına müsahibəsi

- “Qəbələ” klubuna keçidiniz səssiz-səmirsiz oldu. Danışıqlar nə vaxtdan gedirdi?
- Bu komandanın ötən il mənimlə maraqlanması başqa məsələdir. Amma indiki söhbət elə də uzun çəkmədi. Danışdıq və razılığa gəldik.

- Məlumdur ki, sizin transfer vərəqəniz mövsümün sonuna qədər məxsus olduğunuz “Neftçi”də idi. Onlarla necə razılığa gəldiniz?
- Normal. Mən məlum məsələlərdən sonra komandadan ayrılsam da, müqavilə ilə onlara bağlı idim. Əgər “Neftçi” istəsəydi mənə problem yaradardı, amma bunu etmədi.

- Transfer qarşılığında “Neftçi”yə hər hansı bir məbləğ ödədiniz?
- Yox. Arada pul söhbəti olmadı. Heç bir məbləğ ödəmədən vərəqəmi aldım.

- Sizin mövqeyinizdə “Qəbələ”də ciddi rəqabət yoxdur. Bu, nəsə rahatlıq yaratmır ki?
- Yox. Qətiyyən. Amma tam boşluğun olduğunu da deyə bilmərəm. “Qəbələ” kimi iddialı komandada yaxşı oyunçular var. Rəqabət olan yerdə inkişaf da olur ki, bu, sevindirici haldır. Mən bu komandaya oynamağa gəlmişəm və öz şansımı gözləyəcəyəm.

- Artıq komanda ilə məşqə çıxmısınız. Təəssüratlarınız necədir?
- Deyərdim ki, Azərbaycanın ən güclü infrastruktura malik komandasına gəlmişəm. Burada məşq etmək üçün hər cür şərait var. Əlbəttə ki, biz də bunun qarşılığını qazandığımız nəticələrlə vermək istəyirik.

- Yeni baş məşqçiniz Fatih Kavlakla ilk söhbətiniz nə barədə oldu?
- İlk söhbət adətən tanışlıq xarakteri daşıyır. Fatih bəy mənimlə tanış olmaqla yanaşı, həm də inandığını bildirdi. Ümidvaram ki, onların etimadını doğruldacağam.

- “Xəzər Lənkərandan ayrılarkən bildirmişdiniz ki, mənə Bakıda yaşamaq daha rahatdır. İndi isə yenə bölgəyə üz tutdunuz. Başqa seçim olmadı?
- Düzü, başqa dəvətlər də olmuşdu. Amma ən realı “Qəbələ” variantı idi. Əslində, futbol ab-havası olan yerdə insan darıxmır da. Odur ki, problem olacağına inanmıram.

- Sirr deyilsə, başqa dəvətlər hansı klublardan idi?
- Əslində, ciddi problem yoxdur. Amma ad açıqlamaqda da bir məna görmürəm. Çünki “Qəbələ” ilə müqavilə bağlamışam. Sadəcə onu deyə bilərəm ki, ən iddialısı məhz “Qəbələ” idi.

- Maraqlıdır, “Qəbələ”də “Neftçi”dən çox, yoxsa az qazanacaqsınız?
- Düzü, mən bu məsələlərə qarışmaq istəmirəm. Çünki işim futbol oynamaqdır, yaxşı oynadıqca pul da olacaq. Vallah, mənim üçün futbol əsasdır. Pul həmişə ikinci planda olub mənim üçün. Səmimiliyimə nə qədər inanacağınızı bilmirəm, amma mən düz deyirəm.

- “Qəbələ”nin iddiaları ilə yəqin ki, tanışsınız. Komandanın ümumi vəziyyəti bunları həyata keçirməyə imkan verirmi?
- Sözsüz ki, ilk məşqdən sonra bu barədə konkret danışmaq bir az çətindir. Amma klubda, ümumi vəziyyət ab-hava çox yaxşıdır. İnşallah, Antalya toplanışından sonra komandadakı vəziyyət daha da yaxşı olacaq. Çempionatdakı çıxışın necəliyi də bir növ hazırlıq mərhələsindən asılıdır.

- “Neftçi”dən incik ayrılmağınız məlumdur. İndi bu komanda barədə hansı fikirdəsiniz?
- Normal. Həqiqətən də bu komandanın heyətində yaxşı oyunlar keçirdim. Lakin iş tərs gələndə, həqiqətən də heç nə alınmır. Bu klubda yaxşı üç il oldu. Düzdür, son vaxtlar bir qədər az oynadım, amma bu da ciddi bir şey deyil. “Neftçi”nin karyeramda önəmli rolu oldu, çempionluğu yaşadım.